TACİKİSTAN
Digər xəbərlər

TACİKİSTAN

Ecazkar dağları, qədim şəhərləri, termal bulaqları ilə dünyada tanınan Tacikistan Mərkəzi Asiyada Pamir dağlarının ətəyində yerləşir. Qərbdə və şimal-qərbdə Özbəkistanla, şimalda Qırğızıstanla, şərqdə Çinlə, cənubda Əfqanıstanla həmsərhəd olan ölkənin etnogenezində soğdlar, ustruşanalılar, baktriyalılar, toxarıstanlılar və sak tayfaları iştirak etmişlər. Ümumi sahəsi 143,100 kvadratkilometr olan ölkənin paytaxtı Düşənbə şəhəridir. Dövlətçilik ənənələrini və müstəqillik arzularını daim uca tutan xalqın rəsmi dili tacik dilidir. Tacikistan Ali Soveti 1991-ci il sentyabrın 9-da "Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında" bəyanat və qərar qəbul etdikdən sonra həmin tarixdə hər il ölkənin müstəqillik günü bayram kimi qeyd olunur.

Tacikistanın əsas yeraltı sərvətləri gümüş, qızıl, uran (dünya uranının 4%-i), volfram, dəmir, sink, qurğuşun, boksit, sürmə, qalay və civədir. Fərqanə hövzəsindən neft və təbii qaz çıxarılır. Sənaye istehsalı alüminium, qurğuşun, sink, kimyəvi maddələr, gübrə və sementdən ibarətdir. Bundan əlavə, ipəkçilik, xalçaçılıq, dəri emalı və ayaqqabı istehsalı geniş yayılmışdır. Sərt kontinental iqlimin hökm sürdüyü ölkədə temperatur və yağıntılar hündürlükdən asılı olaraq dəyişir. Tacikistanın əsas çayları Amudərya, Sırdərya və Zərəfşandır. Tacikistan Orta Asiyanın ən mühüm su ehtiyatlarına malikdir. Ölkə hidroenerji ehtiyatlarına görə keçmiş SSRİ-də Rusiya Federasiyasından sonra ikinci yeri tuturdu. Ölkədə çoxlu sayda isti bulaqlar mövcuddur. Cənubda çaylar üzərində tikilmiş böyük bəndlər (Nürək, Raqun) dünyanın ən hündür bəndləri sırasındadır. Ölkənin inkişafında böyük rol oynayan Roğun Su Elektrik Stansiyası həyata keçirilən ən böyük layihədir.

Tacik xalqının tarixinin kökləri qədim dövrə, bəşər sivilizasiyasının meydana gəldiyi vaxta gedib çıxır. Adət-ənənələr bu günə kimi qorunub saxlanılıb. Təbiətcə çox səbirli, cəsur, sadə, cəsarətli və inadkar taciklər gənc yaşlarından milli dəyərləri yüksək qiymətləndirir, çətinliklərin öhdəsindən layiqincə gəlirlər.

Min illik tarixə malik olan tacik mədəniyyəti milli geyimlərdə, rəqslərdə, musiqidə təzahür edir. Müxtəlif festivallarda onlara yerli mədəniyyəti parlaq şəkildə səciyyələndirən idman oyunları da qoşulur. Tacikistan mədəniyyətinin ən möhtəşəm təzahürlərindən biri milli idman oyunlarıdır. "Buzkaşi", "Çavqonbozi" kimi atçılıq oyunları və milli güləş növü olan "Quştingiri" bu ölkədə çox məşhurdur. Tacik güləşini təkcə müxtəlif turnirlərdə deyil, festivallarda, hətta toylarda da görmək olar. "Quştingiri"də ən yaxşı döyüşçülərə "polvon" deyirlər ki, bu da tərcümədə qəhrəman deməkdir.

Uzun əsrlər boyu taciklər təbii və ekoloji cəhətdən təmiz xammaldan parçalar, qablar, xalçalar, musiqi alətləri, zərgərlik məmulatları və s. yaradan sənətkarları ilə məşhur olmuşdur. Tacikistanda qədim sənətlər hələ də xalq sənətkarları sülalələri tərəfindən nəsildən-nəslə ötürülür. Tacik xalq sənətinin ən qədim növü toxuculuqdur. "Toki" və ya "kallapuş" adlanan kiçik baş geyimləri həm kişilər, həm də qadınlar arasında çox yayılmışdır və ölkənin bölgəsindən və şəxsin statusundan asılı olaraq müxtəlif naxışlarla bəzədilir. Geyimlər pambıqdan, ipəkdən və ya bu materialların qarışığından tikilir ki, bu da "aloça" adlanır.

Ölkədə tarix və mədəniyyət abidələrinin yenidən qurulması və bərpasına ciddi diqqət yetirilir. Müasir dövrdə keçmiş irsin elmi cəhətdən öyrənilməsi, milli xalq dəyərlərinin, adət-ənənələrinin, tarixi abidələrin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bəşər mədəniyyəti xəzinəsinə böyük töhfələr verən taciklərin ən qədim incəsənət abidələrindən biri Şərqi Pamirdə Şaxtı mağarasındakı qayaüstü rəsmlərdir. Tacikistan ərazisindəki zəngin tacik mədəniyyəti, incəsənəti, elm və ədəbiyyatı qədim və müasir ənənələrə, milli dəyərlərə söykənərək bu gün uğurla inkişaf etdirilir.

Tacik memarları, alimləri və ədəbiyyatşünasları dünya sivilizasiyasının elmi və mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Bunlara misal olaraq tacik-fars ədəbiyyatının banisi Abdulla Rudəkini, ölməz milli-epik "Şahnamə" poemasının müəllifi, fars və taciklərin ortaq ədibi və mütəfəkkiri Əbülqasım Firdovsini, yenə fars və taciklərin ortaq alim və mütəfəkkiri olan Əbu Əli İbn Sinanı, Əl-Xarəzmi, Əl-Fərabi və Əbu Reyhan Biruni kimi alimləri, dünya poeziyasının böyük dühaları fars-tacik şairləri Xəyyam, Rumi, Sədi, Hafiz, Cami, bədii yaradıcılıq ustalarından Borbad, Mani, Behzod və başqalarını göstərmək olar.

Orta Asiyanın qədim tarixə, zəngin mədəni irsə malik xalqlarından olan taciklərlə azərbaycanlıları birləşdirən bir sıra dəyərlər var. İki xalq hələ qədim zamanlardan Böyük İpək Yolu vasitəsilə təkcə ticarət əlaqələri saxlamayıb, həm də mədəni mübadilə ediblər. Orta əsrlərdə bu münasibətləri davam etdirən xalqlarımız İslam mədəniyyətinə, bəşər sivilizasiyasına töhfələr veriblər.

Azərbaycanla Tacikistan arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı 29 may 1992-ci ildə qoyulub. İki ölkənin dövlət başçılarının və digər yüksək səviyyəli rəsmi şəxslərinin qarşılıqlı səfərləri müqavilə-hüquq bazasının formalaşmasına, münasibətlərin müxtəlif sahələr üzrə inkişafına şərait yaradıb.

Azərbaycan ilə Tacikistan münasibətləri keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olan dövrdə formalaşıb. Tacikistan və Azərbaycan münasibətlərinə xüsusi dəyər verən ümummilli lider Heydər Əliyev hələ Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli "Nurek" Su Elektrik Stansiyasının tikintisini dəstəkləmişdir. 10 dekabr 1997-ci ildə Heydər Əliyev Tehranda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII Zirvə toplantısı zamanı da Tacikistan prezidenti Emoməli Rəhmonla görüşündə hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il martın 15-də Tacikistana ilk rəsmi səfəri də ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsinə zəmin yaratmışdır. Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüş zamanı iki ölkə arasında bir sıra sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb. Həmin il avqustun 13-də Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açıb və müxtəlif sahələr üzrə 9 sənədə imza atılıb. Ümumilikdə, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasında 2007-ci ildə imzalanmış bütün sənədlər mühüm yer tutur. 2008-ci il fevralın 7-də isə Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti görüş baş tutub. Görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Həmçinin, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon "Heydər Əliyev" ordeni ilə təltif edilib.

 İki ölkənin vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticari-iqtisadi, beynəlxalq avtomobil əlaqələri, mədəniyyət və incəsənət, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq və hava əlaqəsi haqqında hökumətlərarası sazişlər iki ölkə üçün əhəmiyyət daşıyan sənədlər sırasındadır.

Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, aqrar sənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat və kommunikasiyalar, maliyyə sektorudur. Ölkələr su ehtiyatları sahəsində də əməkdaşlıq edirlər. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft idxal edir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları da idxal edilir.

Dərin tarixi köklərə söykənən Azərbaycan-Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Bu əlaqələrin nəticəsidir ki, mədəniyyətimizdə, adət-ənənələrimizdə ümumi olan cəhətlər bu gün də yaşamaqdadır. Azərbaycanda Tacikistan mədəniyyəti və Tacikistanda Azərbaycan mədəniyyəti günlərinin böyük uğurla keçirilməsi buna dəlalət edir. İki ölkə arasında təhsil və elmi-texniki kadrların hazırlığı sahəsində də geniş əlaqələr mövcuddur.

Tacikistanın BMT-də irəli sürdüyü - 2018-2028-ci illərin "Su - dayanıqlı inkişaf üçün" tezisi ilə bağlı təşəbbüsü Birgə Bəyanatda öz əksini tapıb.

Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşdiyi üçün Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Bu baxımdan, 2018-ci il avqustun 9-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri zamanı bir çox sənəd imzalanıb ki, bu da ikitərəfli münasibətlərin şaxələndirilməsi üçün böyük əhəmiyyətə malikdir. 2018-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana işgüzar səfəri zamanı MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla növbəti görüşü olub.

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər zaman ədalətli prinsiplərə əsaslanan Tacikistan qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Azərbaycan və Tacikistan dost və qardaş ölkələr olaraq xalqlarımızın xoşbəxt gələcəyi naminə əməkdaşlıq əlaqələrini bundan sonra da genişləndirəcək.

Arzu ASİFQIZI,

"Respublika".