Qarşılıqlı etimadla inkişaf edən Azərbaycan
Siyasət

Qarşılıqlı etimadla inkişaf edən Azərbaycan

Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib lideri kimi yazılan Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə baş tutan andiçmə mərasimindəki nitqi mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı dərin məzmunlu çıxışında qarşıda duran hədəflərdən, nəhəng iqtisadi layihələrdən, ordumuzun daha da gücləndirilməsi istiqamətində atılacaq addımlardan danışdı, şanlı zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı. Prezidentimizin nitqindəki seçkilərlə bağlı məqamlar isə dünya mediasında geniş müzakirə olundu. Çünki 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri mahiyyət etibarilə əvvəlkilərdən əsaslı şəkildə fərqlənirdi. Dövlət başçımız andiçmə mərasimindəki nitqində bu məsələyə xüsusilə toxundu:

"Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi".

Elə buna görə də fevralın 7-də ölkədə sevinc, qələbə əhvali-ruhiyyəsi hökm sürürdü. Sanki bu tarix Vətən müharibəsində qazandığımız zəfərin, Xandəndidəki xunta rejiminin təslim olduğu zaman hiss etdiyimiz qürurun məntiqi davamı idi. Hər kəs ürəyindən keçən namizədi dəstəkləmək, bir növ minnətdarlığını ifadə etmək üçün məntəqələrə yollanmışdı. Nəticədə xalq müzəffər liderinə səs verməklə bütün dünyaya göstərdi ki, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də dövlət başçısının yanında olacaq. Bu da səbəbsiz deyil.

Çünki qüdrətli Azərbaycan dövləti cəmi üç il ərzində həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin etdi. Dövlət başçımızın siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində xalqımız tək yumruq kimi birləşə bildi, millətimizə qarşı cinayət törədən canilər cəzalarını çəkmək üçün əlləri qandallı, başları aşağı Bakıya gətirildilər. Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə soydaşlarımıza qarşı soyqırımı, qətliam törədən, əsirlikdə olan azərbaycanlılara ağır işgəncələr verərək öldürən erməni qatillər indi ölkəmizdə dəmir barmaqlıqlar arxasındadırlar. Onlar Azərbaycan qanunları qarşısında cavab verirlər. Yaxşı deyiblər, zülmün topu, gülləsi, qalası varsa, haqqın da bükülməz qolu, dönməz üzü var. Bizə ilahi ədalətin zəfər çaldığını isə dövlət başçımız göstərdi. Buna görə də xalq ona inanaraq 92,12 faiz səslə İlham Əliyevi 5-ci dəfə prezident seçdi.

Hazırda hər birimizdə belə bir əminlik var ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr uğurla yerinə yetiriləcək. Andiçmə mərasimində dövlət başçımız bildirdi ki, Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Dövlət başçımızın sözlərinə görə, qarşıdakı dövrdə də Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. İlham Əliyev onu da vurğuladı ki, növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Doğrudur, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş bir hadisədir. Amma tarixi torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması son dərəcə vacib məqamdır. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Prezidentimizin sözlərinə görə, yanvar ayına olan göstəricilərə əsasən, ümumi daxili məhsulda 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artım qeydə alınıb ki, bu da ümidvericidir. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı cəmi 9 manat idisə, indi bu rəqəm 345 təşkil edir. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və bu proses davam edəcək. Bütün bunların fonunda heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Jalə QASIMZADƏ,

"Respublika".