Qəbələ: Dəyirmi masa keçirilib
Region

Qəbələ: Dəyirmi masa keçirilib

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev İli" elan edilməsi çərçivəsində 1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunmuş "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" adlı dəyirmi masa keçirilib.

Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Kəmalə Qasımova tədbiri açaraq, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və tarixi barədə geniş məlumat vermişdir. Həmçinin, qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın rəhbərliyinin yarıtmaz fəaliyyətini kəskin ittiham edən bəyanat verdiyini, vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir. Digər çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan tarixində əhəmiyyəti və sonrakı hadisələrə təsirindən bəhs etmişlər. Sonda ulu öndərin 20 Yanvar hadisələri barədə fikirləri səsləndirilmiş videoçarx izlənilmişdir.

M.QULUYEV,

"Respublika".