Qəhrəmanlar bulağı
Region

Qəhrəmanlar bulağı

İkinci Qarabağ savaşında   qələbənin qazanılmasında adını qanı ilə  şanlı tariximizə yazan  Araz Babalı oğlu İbadlı  Lənkəran rayonunun Ürgə  kəndində boya-başa çatmışdı. Araz  müharibənin ilk günündən  döyüşlərə atılıb. İgid əsgər dəfələrlə ağır döyüşlərdən zəfərlə çıxıb. Yağı düşmənin çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını məhv edib.   Araz  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə  atılan artilleriya atəşi nəticəsində ölümcül yaralansa da, döyüşə-döyüşə şəhidlik zirvəsinə ucalır.  Milyonların ürəyində özünə əbədi yer edən Araz dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 Ürgəlilərin  ikinci  qürur duyduğu, fəxr etdiyi  igid Zabil Fikrət oğlu İbadzadədir. Zabil Vətənin yaşaması, xalqın xoşbəxt gələcəyi naminə müharibə meydanında düşmənə  layiqli  cavab verə bilibdir. Qəlbi erməni dığaların tapdağı altında olan torpaqların azad  edilməsi istəyi ilə alışıb-yanan  Vətən sevdalısı şərəfli döyüş yolu keçib. Çiyin-çiyinə vuruşduğu əsgər yoldaşları ilə bərabər  elə bir tarix yazıbdır ki, bu heç zaman  unudulmaz.  Zabil  noyabrın 5-də Qubadlı döyüşləri zamanı  24 yaşında şəhid olub.   Azərbaycanın yeni, şanlı tarixində  adı  olan qəhrəman Zabil İbadzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Ürgə kəndində  hər iki ölməz qəhrəmanın xatirəsinə bulaq kompleksi ucaldılıb.  Açılış mərasiminə bütün kənd sakinləri qatılmışdı. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bulaq kompleksinin açılışını şəhid atası Babalı İbadovla birgə etdikdən sonra  Dövlət himni oxundu,  Vətən torpaqlarına öz qanları bahasına  azadlıq gətirən  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.  İcra  başçısı öz  çıxışında bildirdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daim irəli getmək əzmində olanların çoxu gənc nəslin nümayəndələridir. Belə qəhrəman övladların yetişməsində valideynlərin rolu  əvəzsizdir.  Biz həmişə onlara minnətdar olmalıyıq.  Bundan sonra da  dövlət başçısı  İlham Əliyevin və Birinci  vitse-prezident  Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində hünər göstərib Vətəni yaşadan şəhidlərin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində  işlər mütəmadi həyata keçiriləcək.

“Artıq 30 il həsrətində olduğumuz  torpaqlarımız azaddır.  Bu sevinci öz xalqına yaşadan  Vətəni  canlarından üstün tutan qəhrəman oğullardır. Şəhidlərin  həyatı doğma Azərbaycana şərəfdir... Doğrudur övlad itkisi çətindir. Xalqım mənim  Arazımın adını  uca tutur.  Dövlətimdən, insanlardan  qayğı görürəm. Görülən hər işə görə hamıya minnətdaram”.  Bu qürurverici  fikirləri isə  şəhid  atası Babalı  İbadov söylədi.

 Zəfər ORUCOĞLU.