Qələbəni görməsə də, adını qəhrəmanlar salnaməsinə yazdırdı
Digər xəbərlər

Qələbəni görməsə də, adını qəhrəmanlar salnaməsinə yazdırdı

Vətən yolunda canından keçənlərin hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidirlər. Şəhid olanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Torpaq uğrunda canını fəda edən vətən övladı ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bu gün haqqında söz açacağımız qəhrəmanlarımızdan biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.

Rəşad Ramiz oğlu Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmətdə olan mayor R.Budaqov Azərbaycanın ordu sıralarında tankçı zabit kimi qulluq edib. Rəşad xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

Azərbaycanın bir çox bölgələrində xidmət aparan Rəşad əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb. Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu "N" saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikalarını sıradan çıxarıb. Ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.

Azərbaycan Ordusunun zabiti Rəşad Bud

aqov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Murovdağda şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına baxmayaraq, silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, Rəşad yenidən döyüşlərə qatılıb.

Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O, Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək, ali zirvəyə, şəhidlik zirvəsinə ucalıb.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Ömrünü Vətən yolunda qurban verən Rəşad qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

M.CƏFƏROV,

"Respublika".