NEXUS komandası “ActInSpace
Digər xəbərlər

NEXUS komandası “ActInSpace" beynəlxalq hakatonunun qalibidir

Azərkosmosda kosmik texnologiyalar üzrə "ActInSpace" beynəlxalq hakatonunun Qran-Pri mükafatını qazanmış NEXUS komandası ilə görüş keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət NEXUS komandası Azərkosmosun tərəfdaşlığı ilə ötən il Bakıda keçirilmiş "ActınSpace 2022" hakatonunun qalibi olaraq beynəlxalq finalda iştirak edib.

Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov Azərbaycanda kosmos sahəsinə marağın artırılmasının diqqət mərkəzində olduğunu və bundan sonra da gənclərin yerli, eyni zamanda beynəlxalq yarışlarda iştirakına dəstək veriləcəyini bildirib.  Görüşdə NEXUS komandasının üzvləri "ActInSpace" beynəlxalq hakatonunda təqdim etdikləri layihəyə hazırlıq mərhələsi, irəli sürdükləri ideyanın inkişafı və məhsula çevirmək imkanları haqqında danışıblar.

Qeyd edək ki, hakaton sözünün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.

Görüşdə "Azərkosmos" və UFAZ arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. NEXUS komandası kosmosun imkanları ilə daha yaxından tanış olmaq üçün bu il oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

Bəybala  BƏYBALAYEV,

"Respublika".