“Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə
Diaspora

“Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə"

İstanbulda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ''Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" adlı forum keçirilib. Forum "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin İstanbul ofisində baş tutub.

Forumda soydaşlarımızın Qərbi Azərbaycandan sürgünü, onların öz dədə-baba yurdlarına dönüşünün təşkili və bunun beynəlxalq səviyyədə təmin edilməsi kimi məsələlər müzakirə olunub. Forumda "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu çıxış ediblər.

Aqil Ələsgər çıxışında 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Böyük Qayıdış siyasəti çərçivəsində işğaldan azad edilən torpaqlarda yenidənqurma işlərinin uğurla davam etdiyini vurğulayıb.

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə quru əlaqəsinin məqsədli şəkildə kəsildiyini və bunun türk dünyasının coğrafi baxımdan parçalanması üçün atılan addım olduğunu söyləyib: "Bu gün Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcma Qərbi Azərbaycandan olan soydaşlarımızın haqlarının bərpa edilməsi, onların deportasiyasından məsul olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çoxtərəfli fəaliyyətini davam etdirir. Qərbi Azərbaycandan olan soydaşlarımız ora dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Onların öz ata yurdlarına dönmə haqlarının təmin edilməsi hər hansı dövlətə qarşı torpaq iddiası anlamına gəlmir. Çünki Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışları beynəlxalq anlaşmalarla təsbit edilib".

Forumda çıxış edən İSTAD sədri Səfər Karakoyunlu, insan hüquqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs edib. O, forum iştirakçılarına əslən Qərbi azərbaycanlı olduğunu bildirib. S.Karakoyunlu nənəsinin və babasının Qərbi Azərbaycandan zorla qovulduğu zaman yaşadıqları ağrılı-acılı xatirələrini bölüşüb.

Çıxışlardan sonra Qərbi Azərbaycan həqiqətlərindən və Ermənistanın buradakı azərbaycanlı izlərini yox etməsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.