Qarabağda erməni separatçılarının qondarma
Diaspora

Qarabağda erməni separatçılarının qondarma "seçkilərini" pisləyən bəyanatlar

Türkiyə XİN:

Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi "prezident seçkilərini" tanımır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, qondarma "seçkilər" beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.

Türkiyə XİN Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu "seçkiləri" pisləyib və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirib.

"Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inamını qorumaqdadır", - deyə Türkiyə XİN-dən bildiriblər.

 

Moldova XİN:

Moldova Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma "prezident seçkilərini" pisləyən bəyanat verib.

AZƏRTAC xəbər verir ki, Moldova XİN-in bəyanatında deyilir: "Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.

Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır".

 

Ukrayna XİN:

Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ ərazisində (Azərbaycan Respublikası) qondarma "prezident seçkilərinin" keçirilməsini pisləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ukrayna XİN-in bu gün yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub: "Qondarma "prezident seçkilərinin" keçirilməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir.

Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarıdır".

 

Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycan Respublikasının ərazisində qanunsuz separatçı rejim tərəfindən keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda deyilir: "Türk Dövlətləri Təşkilatının Baş katibi 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma "prezident seçkiləri" ilə bağlı dərin narahatlığını ifadə edir.

Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya sisteminə yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk.

Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırır.

 

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov son zamanlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi provokasiya aktlarını pisləyən bəyanatla (https://icyf-erc.org/statements/statement-of-chair-of-the-board-of-icyf-erc-on-the-recent-provocations-of-the-republic-of-armenia-against-the-republic-of-azerbaijan/) çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın Qarabağ ərazisində Ermənistan tərəfindən dəstəklənən qondarma rejimin "seçiklərin"in keçirilməsi kəskin pislənilir və beynəlxalq hüququn normalarının pozulması kimi dəyərləndirilir.

Ermənistan davamlı olaraq Qarabağda separatçı rejimə dəstək göstərməklə regionda sülhün və erməni əhalisinin Azərbaycana reinteqrasiya olunması prosesinə mane olur və bu səbəbdən İƏGF Avrasiya Regional Mərkəzi Qarabağ ərazisindən Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin çıxarılmasını tələb edir.

Bəyanatda, o cümlədən Ermənistanı dərhal Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn qeyri-qanuni fəaliyyətlərə son qoymağa və regionda sülh prosesinin əldə edilməsi üçün Azərbaycanla diplomatik münasibətlərin qurulması prosesində iştirak etməyə çağırış öz əksini tapıb.

İƏGF Avrasiya Regional Mərkəzi İdarə heyətinin sədri eləcə də İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü qeyri-qanuni fəaliyyətləri pisləməyə çağırıb.