QƏRƏZLİ MÖVQE
Siyasət

QƏRƏZLİ MÖVQE

Son vaxtlar "The Washington Post" qəzetinin reallığa əsaslanmayan, həqiqətə söykənməyən, ədalətsiz, qeyri-obyektiv çıxışları ilə tez-tez rastlaşırıq.

Qeyd edək ki, belə vəziyyət ilk dəfə deyil baş verir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı düşmən işğalından azad edəndə, 23 saatlıq antiterror tədbirləri ilə Qarabağın mərkəzində separatçı xunta rejiminin varlığına son qoyanda Amerikanın rəsmi dairələri və erməni mafiyası dərhal səslərini qaldırdılar. Ərazi bütövlüyünü, suverenliyini beynəlxalq hüquq normalarına uyğun tam təmin edən müstəqil Azərbaycanı müdafiə etmək əvəzinə, işğalçı, terrorçu Ermənistanı dəstəklədilər. Haylara maliyyə yardımı ayırıb onu silahlandırmaqda məqsədləri də Cənubi Qafqazda müharibəni yenidən qızışdırmaqdır. Onların məkrli planları barədə sifarişli yazılarını siyasi ruporları olan "The Washington Post" qəzeti öz səhifələrində dərc edir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda mövcud vəziyyəti dəqiq qiymətləndirib: "Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir".

 Dünya artıq müstəqil Azərbaycanı güclü, qalib dövlət kimi tanıyır. İqtidar-xalq birliyini heç bir qüvvə sarsıda bilməz. 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə keçirilən mötəbər forumda qeyd olunduğu kimi, Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil.

Dövlətimizin başçısı forumda bildirib ki, daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq.

Xalqımız haqq yolundadır. Dövlət başçısının uzaqgörən, müdrik, uğurlu siyasətini ürəkdən bəyənir və dəstəkləyirik. Heç bir xarici təsir, böhtan, şantaj kampaniyası, qərəzli çıxışlar xalqımızı haqq yolundan döndərə bilməz. 

Güloğlan BAĞIROV,

Lənkəran Rayon Ağsaqqallar

Şurasının sədr müavini.