Qərəzli suallar, sərrast cavablar
Siyasət

Qərəzli suallar, sərrast cavablar

Ölkə başçısının ən mötəbər tribunalardan məharətlə istifadə edərək, həqiqi faktlara, arqumentlərə söykənən, məqamında səsləndirdiyi fikirləri Azərbaycanı informasiya müharibəsində də qalib etdi

Prezident cənab İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan kimi deyil, həm də güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharətinə malik siyasətçi, müdrik dövlət başçısı kimi 44 günlük Vətən müharibəsində qalibiyyət qazandı.

Siyasi arenada böyük əhəmiyyət kəsb edən informasiya sahəsində üstünlük bu möhtəşəm qələbədə mühüm rol oynadı. Ölkə başçımızın beynəlxalq informasiya məkanında Ermənistanın Azərbaycan haqqında uydurduğu məkrli yalanlarla dolu təbliğatı alt-üst edən, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı kütləvi informasiya vasitələrinə bildirdiyi Azərbaycan həqiqətlərini doğru, düzgün əks etdirən fikirləri, 44 günlük Vətən müharibəsində dünyanın aparıcı media qurumlarının nümayəndələrinə verdiyi 30-a yaxın müsahibələri əsl həqiqətin - Ermənistanın illərlə davam edən Azərbaycan fobiyalı yalan təbliğatının, siyasətinin darmadağın edilməsi ilə yadda qaldı.

Hətta erməni lobbisinə xidmət edən jurnalistlərin ən məkrli, həqiqəti əks etdirməyən sualları qarşısında ali diplomatiya, heyrətamiz analitik qabiliyyət, dərin məlumatlılıq və fenomen natiqlik bacarığı göstərərək Azərbaycanın bu məsələdə haqlı olduğunu, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi.

Azərbaycanın qətiyyətli mövqeyini beynəlxalq təşkilatların diqqətinə çatdıran və bütün bunların fonunda da hər zaman milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirən Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər nitqində, hər çıxışında vurğulayaraq bu torpaqların bir qarışının belə düşməndə qalmayacağını bildirmişdir. 2020-ci il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalının müxbirinin "Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?" sualına Prezident İlham Əliyevin - "Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik", - ötkəm və qətiyyətli cavabı əslində, bütün dünya üçün bir mesaj idi.

Azərbaycanın heç bir ölkənin torpağında gözü olmadığını, ölkələrin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını vurğulayan Azərbaycanın dövlət rəhbəri 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin əks-hücum əməliyyatı olduğunu və Azərbaycan Ordusunun öz torpaqlarında döyüşdüyünü, lakin erməni əsgərlərinin Azərbaycan torpaqlarında öldüyünü sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə "Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub?" sualını cavablandırarkən bir daha aydınlıq gətirmişdir: "Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. ...Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir... Sonra onlar Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər".

Azərbaycanın dövlət başçısı ermənilərin bu cəhdinin Azərbaycanın vətənpərvər oğulları, müzəffər, yenilməz ordusu tərəfindən məharətlə alındığını və sona qədər alınacağını oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində bir daha bəyan etmiş və jurnalistin - "Siz dediniz ki, Ermənistan ordusu işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, indi regionda hansı məqsədləriniz var?" sualını belə cavablandırmışdı: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ respublikası"nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. ...Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır".

Hər zaman milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin hər günündə beynəlxalq media nümayəndələrinin suallarına verdiyi cavablarında Azərbaycan həqiqətlərini, eyni zamanda Azərbaycanın birmənalı mövqeyini qətiyyətlə nümayiş etdirmişdir. Belə ki, 2020-ci il oktyabr ayının 4-də "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsi zamanı jurnalistin "Prezident Əliyev, Avropa deyir ki, sizinlə Ermənistan arasında olan bu böhranın hərbi həll yolu yoxdur. Siz Avropanın bu mövqeyinə necə cavab verərdiniz?" sualına ölkə başçımız qətiyyətlə - "Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızda oturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmağa icazə verməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir… Azərbaycan ərazisində "Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir: "Qarabağ Ermənistan deyil" və onda biz dayanarıq".

Prezident İlham Əliyev həmçinin, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan tərəfdən muzdlu döyüşçülərin vuruşduğu iddiasına qəti etirazını bildirmiş və onun Azərbaycan xalqından üzr istəməsini tələb etmiş və fəxrlə Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı olmadığını, onun rəşadətli ordusunun, vətənpərvər oğul, qızlarının olduğunu söyləmişdir. Oktyabrın 6-da Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verən Prezident İlham Əliyev jurnalistin "Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər?" sualına - "Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var".

Öz ərazi bütövlüyü uğrunda müharibə aparan, Azərbaycanın işinin haqq işi olduğunu vurğulayan, heç bir ölkə ilə ədavət aparmadığını deyən ölkə başçımız ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çəkilməyincə mövqeyimizin dəyişməyəcəyini, heç bir atəşkəs, yaxud da döyüşə son qoyulmayacağını və Azərbaycanın müharibəni sonuna qədər aparmağa gücünün, qüdrətinin olduğunu bildirmiş, Türkiyənin "TRT Haber" televiziya kanalının müxbirinin "Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs çağırışı etdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?" sualını belə cavablandırmışdır: "Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Mən bunu sizə bu gün bir daha dedim. Hətta biz ona da hazırıq ki, əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar... O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin, oktyabrın 15-də Rusiyanın Ria Novosti Agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı da jurnalistin - "Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz? sualına "Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. "Qırmızı xətlərə" gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz", - deyə cavab vermişdir.

Xalqından, yenilməz ordusundan güc alan Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın güclü, qüdrətli ordusunun formalaşdığına, Azərbaycan xüsusi təyinatlılarının Vətən müharibəsində göstərdiyi şücaətlərə hər müsahibəsində xüsusilə diqqət çəkmişdir. Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində cənab Prezident müxbirin "Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, "TB2" silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi? Sualına cavab olaraq demişdir: "Çox dəyişdirdi. ...biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi".

2020-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində müxbirin - "Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi? -  sualına dövlət başçısı belə cavab verib: “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq... Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir".

2020-ci il noyabrın 6-da isə "BBC News"a müsahibə verən ölkə başçımız müxbirin "Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz? sualını - Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq, - deyə cavablandırmışdı.

Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini faktlarla, arqumentlərlə əsaslandıraraq Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlar və region üçün təhlükələri barədə zamanında, məqamında səsləndirdiyi fikirləri Azərbaycanı informasiya müharibəsində də qalib etdi.

Dövlət başçımızın beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sülhsevər xarici siyasətinin əsasında isə ilk növbədə milli müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanır.

Mehparə ƏLİYEVA,

"Respublika".