“Qisas-3
Digər xəbərlər

“Qisas-3" əməliyyatı keçirilə bilər

Ermənistan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmək əvəzinə yeni təxribatlara əl atır. Xatırladaq ki, qeyd edilən bəyanata əsasən Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına paralel olaraq, bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri qalmaqdadır.

Bölgədə sülh və sabitliyin təmini, həmçinin müharibədən sonra başladılan normallaşma prosesində irəliləyiş üçün üçtərəfli bəyanatlar tam icra edilməli, Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələri çıxarılmalıdır. Əks halda, Ermənistan tərəfi onu nə gözlədiyini yəqin ki, təsəvvür edə bilir.

44 günlük Vətən müharibəsindəki acı məğlubiyyəti ilə barışa bilməyən rəsmi İrəvan terrora əl atır, döyüş bölgəsindən xeyli uzaqda olan yaşayış məntəqələrimizi raket və artilleriya atəşinə məruz qoyur. Məlumdur ki, Ermənistan rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməsində məqsəd vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaqdır. Amma Ermənistanın xain hücumu onları məqsədlərinə çatdırmır. Çünki Azərbaycan tərəfi bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə "Qisas" əməliyyatları keçirir. Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Ermənistan bilməlidir ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Düşmən "Qisas" əməliyyatlarından nəticə çıxarmalı və təxribatlara əl atmamalıdır. Əks təqdirdə, bu, onlar üçün baha başa gələcək.

Hərbi-siyasi ekspert Ədalət Verdiyev bildirib ki, birinci "Qisas" əməliyyatı ötən il həyata keçirilib: "Keçən ilin avqust ayında qanunsuz erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın istiqamətində aktivləşən təxribatları nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Kazımov Anar şəhid oldu. Bunun nəticəsində də Azərbaycan Ordusu cavab olaraq, "Qisas" əməliyyatı keçirdi. Sözügedən antiterror əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba və bir sıra əhəmiyyətli hakim yüksəkliklər azad edildi və Azərbaycan Ordusunun nəzarətinə keçdi. "Qisas-1" əməliyyatından doğru-dürüst nəticə çıxarmayan erməni silahlıları, bu ilin iyun ayında da Laçın sərhəd-keçid məntəqəsi ərazisində növbəti təxribatlara yol verdilər. Beləliklə, Azərbaycan tərəfi "Qisas-2" əməliyyatını həyata keçirməklə, erməni silahlı dəstələrinin beş üzvünü məhv etdi. Qeyd etmək lazımdır ki, onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu idi".

Ekspert qeyd edib ki, keçirilən bu və ya digər əməliyyatlara baxmayaraq, hazırda Azərbaycan ərazilərində on minə yaxın qeyri-qanuni erməni silahlılarının üzvləri qalmaqdadır: "Onlar bu günə qədər ərazilərimizdən çıxarılmayıblar. Qanunsuz erməni silahlılarının mövcudluğu isə Qarabağdakı separatçı rejimin qorunmasına şərait yaradır. Buna paralel olaraq da Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına inteqrasiyasına maneə yaranır. Sadalananlar həm də üçtərəfli Bəyanatın şərtlərinə tamamilə ziddir.

Odur ki, biz heç bir zaman "Qisas" əməliyyatının növbəti mərhələlərini istisna etməmişik. Çünki erməni silahlılarının Qarabağda qalması 10 noyabr Bəyanatının şərtlərini pozur. Əgər Ermənistan və Rusiya bu Bəyanatı imzalayan iki tərəf kimi üzərinə düşən öhdəlikləri tam yerinə yetirmirsə, birgə Bəyanatın şərtlərindən dolayısı ilə imtina edirlərsə, o zaman Azərbaycan silahlı qüvvələri də təhlükəsizlik tədbirlərini tam həcmdə reallaşdırmaq üçün növbəti təmizləmə əməliyyatlarını həyata keçirə bilərlər".

Nuranə DAXİLQIZI,

"Respublika".