Qoy var olsun yaradan əllər...
Digər xəbərlər

Qoy var olsun yaradan əllər...

10 APREL İnşaatşılar Günüdür

Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur

Uca Yaradan yer üzünün əşrəfi sayılan insana ağıl, düşüncə, sevmək, sevilmək, qurub-yaratmaq kimi bir çox üstünlüklər bəxş etmişdir. Bəşər övladı yaranışından bu ali hisslərlə yaşamış, yaratdığı bütün gözəllikləri gələcək nəsillərə ərməğan qoymuşdur. İnsan əli ilə ərsəyə gələn hər bir möcüzə zaman keçdikcə tarixə dönmüş, xalqın, millətin kimliyinin təsdiqinə çevrilmişdir. Qədim şəhərlər, tarixi binalar, memarlıq abidələri xalqın uzaq keçmişindən xəbər verməklə bərabər, həm onun milli-mənəvi dəyərlərini özündə yaşadır.

Ölkəmiz tarixi, mədəni abidələri ilə bütün dünyada tanınır. Azərbaycan memarlığının ən qədim nümunələrindən olan, Bakının simvolu sayılan, dünya inciləri siyahısında yer alan İçərişəhər paytaxtımıza gözəllik verməklə yanaşı, tarixilik baxımından da mühüm əhəmiyyət daşıyır. Tarixi-memarlıq qoruğu statusuna malik olan İçərişəhər kompleksi UNESCO tərəfindən məşhur nadir tarixi şəhər ansamblı heykəltaraşlıq nümunəsi adlandırılıb.

Bakının, eləcə Abşeronun ən möhtəşəm memarlıq abidəsi olan Qız qalası qədim qala divarlarının - İçərişəhərin cənub-şərq hissəsində yerləşən tarixi abidədir. Hündürlüyü 28 metr olan qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964- ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Şirvanşahlar sarayı, Atəşgah, Ağoğlan qəsr kompleksi, Əlincə qalası, Mömünə Xatun Türbəsi, Xudafərin körpüləri kimi memarlıq abidələri Azərbaycan memarlıq sənətinin əvəzolunmaz nümunələridir.

1960- illərdə Əliş Ləmbəranskinin şəhər rəhbəri təyin olunmasından sonra Bakıda tikinti işləri geniş vüsət almışdır. Ulu öndərin respublikaya rəhbərliyinin ilk vaxtlarından isə ölkəmizdə tikinti sahəsinə xüsusi diqqət ayrılmış, Bakının simvoluna çevrilən binalar tikilmiş, tarixi əhəmiyyət kəsb edən tikililər bərpa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Azərbaycan milli memarlığının incilərindən sayılan Gülüstan sarayı illər boyu önəmli hadisələrə evsahibliyi edərək, tarixin mühüm bir hissəsinə çevrilmişdir. Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə həyat yoldaşı Yelezaveta Tuqanova üçün inşa etdirdiyi saray 1917-ci il Oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərmiş, sonralar isə uzun illər Nikah evi kimi istifadə olunmuşdur. Səadət sarayı kimi tanınan bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.

Möhtəşəm memarlıq abidələri yaradan, binalar ucaldan insanlar eyni zamanda xalqın mədəniyyət tarixini yazırlar. Bu baxımdan, xalqımızın maddi-mədəni irsinin qiymətli nümunəsi olan bu abidələri yaradan inşaatçıların əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Qədim tarixi ənənələrə malik olan Azərbaycan inşaatı memarlığı dünya mədəni irsinə mühüm əhəmiyyətli töhfələr bəxş etmişdir. Bu sənət əsərləri Şərq Qərb memarlığının nadir nümunələrini özündə əks etdirir.

Bu gün ölkəmizin hər yerində böyük quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad olunmuş ərazilərimiz əsl tikinti meydançasını xatırladır. Burada yeni şəhər kəndlər salınır, qəsəbələr yaradılır, yolların tikintisi aparılır. Tikinti-quruculuq işləri, o cümlədən yol-küçə şəbəkəsinin layihələndirilməsi, ilk bərpa ediləcək kəndlərin tikinti layihələri reallaşdırılır. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən bu il işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirir ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində ümumilikdə 2024-2026- illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev mənzilin tikilməsi nəzərdə tutulur. Bu isə 2023- ildən işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyasının, dinamikasının daha da artacağını göstərir. "Ağıllı" şəhər kəndlərin, muzeylərin, beynəlxalq hava limanlarının, avtomobil dəmir yollarının, körpülərin, təhsil, səhiyyə, obyektlərinin, yaşayış digər məişət binalarının inşası ümumilikdə işğaldan azad edilən ərazilərin simasını dəyişəcək, dünyanın diqqətini bölgəyə cəlb edəcək.

Paytaxt Bakımız gündən-günə gözəlləşir. Şəhərin küçə prospektləri genişləndirilir, şəhərin simasına, gözəlliyinə xələl gətirən, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan binalar pilot layihə çərçivəsində sökülərək yeniləri ilə əvəz olunur. Hündürmərtəbəli, müasir üslubda tikilən göydələnlər paytaxtımıza daha möhtəşəm görüntü bəxş edir. Bütün bunlar isə inşaatçıların, memarların, tikinti sektorunda çalışanların əməyi sayəsində ərsəyə gəlir. Respublikamızın bütün bölgələrində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri ölkə başçısının rəhbərliyi ilə bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir. İnsanların mənzil-məişət, sosial məsələlərinin həllində, müasir, unikal bina qurğuların inşa edilməsində, tarixi-memarlıq incilərinin bərpasında dünənimizin, bugünümüzün yaradıcıları olan inşaatçıların böyük əməyi var.

Zaman ötür, nəsillər dəyişir, amma xalqın yaddaşına həkk olunan mədəni irsimiz əsrlər, qərinələr boyu yaşayır, insanın mədəniyyətində, onun estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Bu gün qurub yaradanların - memarların, konstruktorların, inşaatçı-mühəndislərin, ustaların peşə bayramlarıdır. Bu münasibətlə onları ürəkdən təbrik edir deyirik: Qoy var olsun yaradan əllər...

Mehparə ƏLİYEVA,

"Respublika".