Reallıqlara kar, kor qalanlardan qərəz
Siyasət

Reallıqlara kar, kor qalanlardan qərəz

Qərbin, xüsusən də Belçika, Fransa və Kanadanın mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatları uydurma erməni təbliğatının qərəzli, saxta məlumatlarına əsaslanır. Ölkəmizin Qarabağ regionunun 30 illik işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə məhəl qoymayan, kar, kor qalan, ermənidən çox erməni olan ölkələr indi rəsmi Bakıya qarşı ikili standartlar siyasəti yürüdür. 44 günlük müharibədə tarixi Zəfər qazanmasını həzm edə bilməyənlər, bu gerçəklikdən məyus olanlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bütün bunlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsindən, regionda yeni reallıqlar yaratmasından doğan narahatlıqlarla bağlıdır. Ermənipərəst mövqeyi ilə seçilən bəzi təşkilatlar, bir sıra ölkələrin siyasi dairələri bu istiqamətdə canfəşanlıq edirlər.

Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada "etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları"nı bəyan etməsinə münasibət bildirən Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Niderland Krallığı hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.

Azərbaycan Avropanın müxtəlif ölkələri ilə, o cümlədən Niderlandla hər zaman münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Təəssüflər olsun ki, artıq bir neçə ildir Niderland anti-müsəlman və anti-türk addımlar atır. Buna bir neçə il əvvəl Türkiyə hökumət üzvlərinin Niderlanda gəlməsinə qadağa qoyulmasını misal çəkmək olar. Niderland o ölkədir ki, 1990-cı illərin əvvəllərində məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insan soyqırıma məruz qalmışdı. İkinci Dünya müharibəsindən sonra dünyanın ayrı-ayrı ölkələrində Niderlandın müstəmləkə siyasətinin də acı nəticələri məlumdur. Azərbaycana, Türkiyəyə qarşı əsassız ittihamlarla çıxış edən, anti-türk və islamofob siyasət yolu tutan ölkələrin əksəriyyətinin keçmişdə törətdikləri soyqırımlarla, digər qara ləkələrlə zəngindir. Bu baxımdan, Niderland da istisna deyil. Bu gün anti-türk və islamofob siyasət yürüdən Niderland özünün yaxın tarixinə nəzər saldıqda, əslində, utanmalıdır.

Niderland ərazi baxımından kiçik olsa da, öz boyundan yuxarı atlanmağa çalışan, imperialist baxışları ilə seçilən ölkə olub. Kolonialist ölkə yanaşması hələ Fransa və Böyük Britaniyadan əvvəl, məhz Niderlandda mövcud idi. Cənub-Şərqi Asiya Niderland müstəmləkəçiliyindən əziyyət çəkib. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb, öz müstəqilliyini yalnız 1945-ci ilin avqustunda elan edə bilib. Bunda Yaponiyanın 1942-ci ilin yanvarında İndoneziyaya girməsi də rol oynayıb, nəticədə müstəmləkəçi hollandlar ölkədən qovulub. Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olsa da, bir neçə il ərzində bu ölkəni yenidən öz ərazisinə qatmaq üçün bir çox qətllər törədib.

Müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qalmasında maraqlıdır. Eyni zamanda, hələ də bir sıra dövlətlərin əsassız olaraq Ermənistanın maraqlarına uyğun çıxış etdiyini görürük. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur.

Avropanın bəzi ölkələri kimi Niderland da reallıqla heç cür barışmaq, Azərbaycanın öz ərazi bütövlüyünü artıq bərpa etdiyini anlamaq istəmir. Bu qüvvələr mütəmadi olaraq müxtəlif təxribat xarakterli layihələrlə çıxış edirlər. Niderlandın tutduğu bu riyakar mövqe, Azərbaycanı "deportasiya"da ittiham etməsi qərəz və səlibçilik təfəkkürünün məhsuludur.

Mustafa KAMAL,

"Respublika".