Korsikalılar haqlı mübarizələrində dəstəyə görə Azərbaycana təşəkkür edir
Siyasət

Korsikalılar haqlı mübarizələrində dəstəyə görə Azərbaycana təşəkkür edir

Dünyada bir çox müstəmləkə dövlətləri və yaxud da digər əraziləri zəbt edib işğalda saxlamaq istəyən ölkələr mövcuddur. Bunların içərisində isə Fransa xüsusilə seçilir. Müstəmləkə imperiyasının XVII əsrdən XX əsrə qədər tutduğu ərazilər Afrika, Cənub-Şərqi Asiya, Karib dənizi və Sakit okeanı əhatə edir. Elə buna görə də ölkə ərazisinə görə Avropanın ən böyük dövlətidir. Onun əsas hissələrini qitədəki və Atlantik okeanındakı adalar, La-Manş boğazı və Aralıq dənizi sahili, Korsika adası təşkil edir. Böyük müstəmləkəçilik imperiyasına malik Fransa illərdir həmin ölkələrə müstəqillik verməkdən boyun qaçırır, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Özünü demokratiyanın beşiyi adlandıran bu ölkə Korsika adasında açıq şəkildə insan hüquq və azadlıqlarını boğur. Eyni zamanda Fransa müstəmləkə imperiyası işğal etdiyi ərazilərə və xalqlara qarşı bir çox cinayətlər törətmişdir. Bunlardan biri kölə ticarətində fəal iştirak etməsi və təxminən 1,5-2 milyon insanın Afrikadan çıxarılaraq Amerika qitəsindəki fransız koloniyalarına satılmasıdır. Digər tərəfdən, hakimiyyət tez-tez müstəmləkəsinə çevirdiyi ölkələrin xalqlarının mədəniyyətini, dilini sıxışdıraraq fransız dilini, dinini və adət-ənənələrini mənimsəməyə məcbur edirdi. Buraya kütləvi qətllər, işgəncə və əhalinin məcburi köçürülməsi də daxildir.

Uzun illərdir ki, öz azadlıqları uğrunda mücadilə aparan korsikalılar, hələ də Fransa işğalından yaxa qurtara bilmir. İki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika dilindən istifadəni qanunsuz hesab edib. Adadakı dövlət qurumlarında Korsika dilinin işlədilməsinin "qanunsuz" olduğuna qərar verilib. Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər isə məhkəmənin qərarını tənqid ediblər. Mərkəzi hakimiyyətin hədəfinə çevrilən Korsika Fransanın 18 bölgəsindən biri sayılır. 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur, hakimiyyət səlahiyyətləri millətçilərin əlində cəmləşib.

Korsikalılar ötən əsrin 70-ci illərindən başlayaraq fəal şəkildə azadlıq mübarizəsinə qalxmışlar. Onların bu etirazları 2017-ci ildən etibarən daha geniş vüsət almışdır. İlk olaraq fransa hakimiyyəti qarşısında qoyduqları tələb isə Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması idi. Lakin iqtidar onların bu tələbinə konkret olaraq yox cavabı verdi. Narazı korsikalıların hiddətinə səbəb olan bu hadisədən sonra onların tələbləri daha sərt forma aldı. Çox kasıb vəziyyətdə yaşayan Korsika əhalisi Fransadan öz azadlıq və müstəqilliyini tələb edir. Öz dili, mədəniyyəti və ənənələri olan korsika xalqı işğalçı dövlət tərəfindən koloniya kimi idarə olunur. Son vaxtlar adada Fransa hakimiyyətinə qarşı narazılıq artıb. Fransa Prezidenti Emmanuel Makron etirazları yatırmaq məqsədilə muxtariyyət verilməsi kartından istifadə etməyə çalışmış, amma etirazçılar bununla kifayətlənməmişlər.

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan Nazione Partiyasının üzvü Erik Simoni rəsmi Parisin muxtariyyət təklifinin onlar üçün kifayət etmədiyini söyləyib: “Fransa Korsikaya müstəqillik verməyəcək. Odur ki, biz tələb etdiklərimizdən çox uzağıq. Həqiqi siyasi həll üçün çalışmağa davam edəcəyik”.

E.Simoni həmçinin söyləyib ki, İ.Kolonnanın ölümünün arxasında Fransa hökuməti dayana bilər: “Bu, Yelisey sarayının və ya ona bağlı güclərin Korsikaya qarşı ilk belə addımı deyil. Onlar xalqımızın mövcudluğunu tanımamaq üçün siyasi təzyiq də daxil olmaqla bütün vasitələrdən istifadə edirlər. Fransa Prezidenti Emmanuel Makron həm ölkəsinin, həm də Avropa İttifaqının ana prinsiplərinə zidd davranır. Makron başqa ölkələrə demokratiya dərsi verməyə çalışır. Amma Korsikanın öz taleyini həll etmək haqqını tanımır. Üstəlik, bu, Aİ-nin tanıdığı haqdır. Makronun addımları totalitar yanaşmadır. Bunu qəbul edə bilmərik. Onun problemləri həll etmək üçün ortaya qoyduğu səylər fəlakətdir və nəyəsə töhfə vermir”.

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan partiyanın digər üzvləri Anto Simoni və Nikolas Pinzutti terrorçuluqda ittiham olunaraq Parisə aparılmışdır. E.Simoni mübarizələrini davam etdirəcəklərini bildirib: “Biz beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edirik. Səsimizin eşidilməsinə dəstək olan Azərbaycan kimi ölkələrə təşəkkür edirik”.

Ramidə YAQUBQIZI,

“Respublika”.