Ermənistanda növbəti etiraz dalğası
Siyasət

Ermənistanda növbəti etiraz dalğası

Əsgər valideynləri baş nazirə cinayət işinin açılmasını tələb edirlər

Ermənistanda Paşinyan hökumətinə qarşı növbəti etiraz aksiyaları başlayıb. Budəfəki aksiyanın iştirakçıları keçən il yanğın zamanı ölən hərbçilərin valideynləridir.

Göyçə mahalının Ağkilsə kəndində baş vermiş yanğında Ermənistan ordusunun 17 əsgərinin ölməsindən 1 il keçsə də, günahkarların hələ də cəzalandırılmaması erməni valideynlərinin hiddətinə səbəb olub. Paytaxt İrəvanda hökumət binası qarşısında toplaşan etirazçılara İkinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin valideynləri, ehtiyatda olan zabitlər, habelə bir qrup müxalifətçi millət vəkilləri də qoşulub. Yanğın zamanı ölən hərbçilərin valideynləri erməni analarına səslənərək övladlarını ordu sıralarına göndərməməyə çağırıblar. Həmçinin etirazçılar hadisəyə görə günahkar hesab etdikləri baş nazir Nikol Paşinyanın istefa verməsini də tələb ediblər. Eyni zamanda bir qrup əsgər valideyni ölkənin Baş prokurorluğu qarşısında toplaşıblar. Onlar da birmənalı olaraq baş vermiş yanğında Paşinyan və Ermənistanın müdafiə naziri Suren Papikyanın məsuliyyət daşıdığını bildiriblər. Aksiya iştirakçıları Baş prokuror Vardapetyandan hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. Etirazçılar onu da qeyd ediblər ki, tələbləri yerinə yetirilməyənə qədər İrəvanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ofis və xarici ölkələrin diplomatik nümayəndəlikləri qarşısında aksiyalarını davam etdirəcəklər.

Ermənistanda Paşinyan hökumətinə qarşı hərbçi valideynlərinin etiraz etmələrinin əsas səbəbi orduda qeyri-döyüş vaxtı ölüm hallarının kəskin artmasıdır. Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan silahlı qüvvələri təkcə ötən il dinc şəraitdə 53 əsgər itirib. Ermənistan Baş prokurorluğunun məlumatına əsasən, 19 hərbçi bu siyahıya daxil edilməyib. Bildirilib ki, onlar qətl, intihar və ona cəhd, avtomobil qəzası, texniki təhlükəsizliyə əməl etməmək səbəbindən, eləcə də Ağkilsə kəndində kazarmadakı yanğın və bədbəxt hadisə nəticəsində ölüblər. 2022-ci ildə isə 17 hərbçi analoji hadisələrin baş verməsi ucbatından dünyasını dəyişib.

Digər bir açıqlama Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyandan gəlib. O, bildirib ki, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox ölüm faktı qeydə alınıb. Ölkənin rəsmi strukturunun açıqlamalarından da aydın görünür ki, Ermənistan silahlı qüvvələrində nizam-intizamla bağlı ciddi problemlər var.

Məhz hərbçilərin atəşkəs rejimində ölməsi hakimiyyətə qarşı ciddi narazılıqlara səbəb olur. Artıq il təzə başlasa da, son günlər daha bir neçə əsgər qeyri-döyüş şəratində dünyasını dəyişib. Orduda ölənlərin sayının dinamik şəkildə artmasının bir səbəbi də özünü güllələmə hallarının çoxalmasıdır.

Ermənistan ordusunda vəziyyətin acınacaqlı olması hələ İkinci Qarabağ müharibəsi zamanı məlum olmuşdu. 10 mindən çox əsgər və zabitin ordudan qaçması bunu sübut edən əsas amil idi. Bir zamanlar "qəhrəman" kimi erməni xalqına sırınan zabit və generalların 44 günlük döyüşlərdən sonra həbs edilməsi, generallar və polkovniklərin Ermənistan baş naziri Nikol Paşinyana qarşı üsyan qaldırması və digər faktlar Ermənistan ordusunun hazırkı vəziyyətinin göstəricisidir. Son günlərdə bir neçə hərbi qulluqçunun ölməsi də ordudakı intizamsızlıqdan xəbər verir. Artıq erməni əsgərinin öz zabitini güllələməsi adi hal alıb. Bu da komandan heyətinin vəziyyətə nəzarət edə bilməməsindən irəli gəlir.

Musa BAĞIRLI,

"Respublika".