Sülhün qarant mexanizmi Qərbdə deyil
Siyasət

Sülhün qarant mexanizmi Qərbdə deyil

Fransanın Böyük Britaniyadakı səfiri Azərbaycan əleyhinə ultimatum xarakterli paylaşım edib. Məqalə "Azərbaycanın ermənilərə qarşı törətdiyi cinayətlər cavabsız qala bilməz" cümləsi ilə başlayır. Təbii ki, Fransa fonunda bu tip qarayaxma yazıların mütəmadi olaraq dərc edilməsi adi hal alıb. Bəs Azərbaycan-Ermənistan münasibətlərinin Fransanın Londondakı səfirliyinə nə dəxli var? Dünyada bu tipli nümunələr çox azdır. Rəsmi Bakı ilə İrəvan arasında birgə bəyanatın yayılmasından sonra Ermənistanda bəzi dövlət nümayəndələri planlaşdırılan sülh üçün "qarantiya" rolunu oynayacaq mexanizmin vacibliyindən danışıblar. Bununla ermənilər Qərbə işarə edib. Fransa yenə də hayların səsinə səs verməyə başlayıb və Azərbaycana təzyiqlərini hələ də davam etdirir. Azərbaycanla ultimatum dili ilə danışmağın mümkün olmadığını hələ də anlamayan rəsmi Paris normallaşmağa doğru gedən münasibətləri baltalamağa səy göstərir.

Fransanın Böyük Britaniyadakı səfiri Elen Duşenin adından yazılmış məqalənin növbəti abzasları isə simvolikdir. Burada, guya vaxtilə Azərbaycanın Qarabağda yaşayan erməni əhalisini blokada şəraitində saxladığı, 19 sentyabrdan sonra isə onları qovduğu bildirilib. Kifayət qədər böhtan xarakteri daşıyan bu məqaləyə cavab olaraq demək olar ki, 19 sentyabrdan əvvəl separatçıların Xankəndi ətrafında yaratdıqları şou tamamilə xarici qüvvələrdən dəstək almaq üçün hesablanmışdı və keçmişdə Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən şəxslər bu yolla məsuliyyətdən yayınmaq istəyirdilər. Lakin Azərbaycan tərəfi dəfələrlə separatçıların "rəhbərləri"nə və Qarabağda yaşayan erməni sakinlərə xəbərdarlıq etdi. Bu il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri zamanı Azərbaycan Ordusu tərəfindən mülki obyekt və infrastruktura heç bir zərər yetirilmədi. Terrorçu hərbi birləşmələrə silahı yerə qoymaq üçün vaxt verildi və bu imkandan yararlananlar sərbəst şəkildə Qarabağı tərk etdi.

Antiterror tədbirlərindən sonra Azərbaycan Ordusuna hücum edərkən yaralanan şəxslərə, həmçinin Qarabağın erməniəsilli yaşlı və xəstə sakinlərinə təmənnasız yardımlar edildi. Daha sonra mərhələli şəkildə erməni sakinlər reinteqrasiya prosesinə dəvət edildi. 4 dildə onlayn sistem yaradılaraq növbəti tolerantlıq nümunəsi göstərildi. Bütün bunları isə Qarabağa səfər edən BMT missiyası da təsdiqlədi.

Məqalədə Qranada görüşü ətrafında gedən söhbətlərdə baş tutan "al-ver"dən söz açan səfir Ermənistana hərbi yardımın təyin olunmasının ilk dəfə bu görüşdə razılaşdırıldığını bildirib. Guya sülhü bərqərar etməyə hesablanan görüşün əsl mahiyyəti bu bəyanatla birlikdə ortaya çıxıb. Məlumdur ki, Qranada görüşü iki ölkə arasında münasibətləri normallaşdırmağa deyil, ölkəmizə masada təzyiq göstərməyə hesablanmışdı. Lakin həmin qüvvələr belə bu situasiyanın olacağına inanmırdılar. Çünki Prezident İlham Əliyevin qətiyyətli addımları Qərb dairələrini qorxutmuş, Cənubi Qafqazı marionet region etmək istəyənlərin arzusu yerlə bir olmuşdur. Bu baxımdan, həmin dairələr bu gün Prezident səviyyəsində görüşlərdən çəkinir və bunun rüsvayçılıqla yekunlaşa biləcəyini bilirlər. İspaniyanın Qranada şəhərində planlaşdırılan görüş isə bu fikirləri aradan qaldırmaq niyyəti güdürdü ki, bu dəfə də Prezident İlham Əliyev buna icazə vermədi. Qərb isə növbəti dəfə öz bataqlığında boğuldu.

Bugünkü reallıq isə tamam fərqli istiqamətdə cərəyan edir. Artıq Azərbaycan və Ermənistan sülhü imzalamağa çox yaxındır. Lakin ikincinin bəzi mövzularda hələ də qətiyyətsizlik göstərməsi mümkün sülhün yubanmasına gətirib çıxarır. Sülh üçün "qarantiya" rolunu oynayacaq mexanizm axtarışı ilə Qərbə yönəlməyə cəhd edən bəzi erməni dairələri anlamalıdır ki, sülhün əsl qarantı Qərb deyil, Azərbaycandır. Bu baxımdan, rəsmi İrəvan artıq Qərbə meyillənməkdən əl çəkməli və Fransanın sülhü baltalayan təbliğatlarına uymamalıdır.

Tacir SADIQOV,

"Respublika".