Regionda sülh və sabitliyin təminatçısı
Digər xəbərlər

Regionda sülh və sabitliyin təminatçısı

Azərbaycan postmüharibə dövrü siyasətinin əsasında dayanan bu amillərə böyük önəm verir

Cənubi Qafqaz. Bu bölgədə maraqlar daim toqquşub. Ermənilər tarixi yurd yerlərimizdə məskunlaşandan sonra tarixi saxtalaşdırmaqla öz məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Yalanlarla, iftiralarla beynəlxalq aləmi bu yerlərin onlara məxsus olduğuna inandırmaq üçün dəridən-qabıqdan çıxıblar. Əsrin əvvəllərində Azərbaycanın xeyli ərazisini, o cümlədən qədim Azərbaycan xanlığı olan İrəvanı ələ keçirməyə müvəffəq olan ermənilər beləliklə, bizim tarixi torpaqlarımız üzərində öz dövlətlərini qurublar.

Bu gün beynəlxalq erməni terrorunun bazası olaraq xalqımız, dövlətimiz, ümumi region, hətta dünyanın özü üçün təhlükə mənbəyinə çevrilən Ermənistan işğalçılıq siyasətini hələ də davam etdirir, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkmir. Azərbaycan torpaqlarının 20 faizini zəbt edib onları 30 il işğal altında saxlayan ermənilər havadarlarının köməyilə xalqımızı bu acı reallıqla barışmağa çalışıblar. Dünyanın ən nüfuzlu qurumları, güc mərkəzləri ikili standartlar nümayiş etdirməklə işğalçılıq siyasətini, terroru dəstəkləyib, haqqı nahaqqın güdazına veriblər. Ancaq bir gün onlar da ermənilər kimi haqqın, ədalətin zəfəri qarşısında susmalı oldular. Səbir kasası dolub-daşan xalq 30 illik işğala 44 gün ərzində son qoydu, qanı, canı bahasına halal haqqını özünə qaytardı... Deyiblər, axı, haqq nazilər, üzülməz. Elə təkcə regionda deyil, bütün dünyada sülhün, rifahın, sabitliyin təminatçısı olan Azərbaycan da haqqa söykənir: "Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır.

Xalqın siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək". Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər həyatda artıq öz təsdiqini tapır. Belə ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir, bu siyasətə alternativ görmür.

Dövlət başçısının milli maraqlara əsaslanan xarici siyasi strategiyası milli təhlükəsizliyin möhkəm sütunlarından biridir. Azərbaycan liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiyası ölkəmizin gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, milli maraqlara yönəlmiş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə, qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Müstəqil strateji kurs Azərbaycanın inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Bu gün regionda yeni təhlükəsizlik və əməkdaşlıq formatı məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionda, həm də Avrasiyada sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Avrasiya geosiyasətində ən vacib və mühüm halqalardan biri olan Azərbaycanın dövlət başçısı ilə müzakirə olunur. Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil, Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr Azərbaycana inam və etimadın yüksək olduğunu göstərir.

Azərbaycan öz təhlükəsizliyini təmin etməklə yanaşı, regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaranır. Bir sözlə, 44 günlük müharibədə qalib gələn Azərbaycan regiondakı 100 illik geostrateji arxitekturanı dəyişdirir.

Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması isə regional təhlükəsizlik faktoru olmaqla yanaşı, mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Postmünaqişə mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Ancaq bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. İndi ölkəmizin təşəbbüsü ilə yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır.

Azərbaycanın yüksəlişi, siyasi üstünlüyünün möhkəmləndirilməsi, iqtisadi imkanlarının artması, beynəlxalq mövqeyinin gücləndirilməsi müəyyən geosiyasi planlara malik olan mərkəzləri, hətta bəzi region dövlətləri narahat edir. Odur ki, müstəqil, qalib, nüfuzlu, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına əngəl yaradır, sülh müqaviləsinin imzalanmasını ləngidirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur.

Zümrüd QURBANQIZI,

"Respublika".