Riyakar siyasət davam etdirilir
Siyasət

Riyakar siyasət davam etdirilir

Fransa Prezidenti Emmanuel Makron İsrailə səfər çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşüb. O, HƏMAS-a qarşı regional və beynəlxalq koalisiya yaratmağı təklif edib. Daha sonra Emmanuel Makron israilli həmkarı İshaq Hersoqla görüşüb: "Bu terrorla mübarizə, həm də münaqişənin genişlənməsinin qarşısını almaq bizim borcumuzdur. Səsləndirdiyiniz xəbərdarlıqları bölüşürəm, lakin terror qruplaşmalarına qarşı ciddi mübarizə aparmaq, məqsədyönlü əməliyyatlar təşkil etmək zərurətdir. Paris İsrail və bütün region üçün sülh, təhlükəsizlik və sabitliyin bərpası üçün əlindən gələni edəcək. Fransa davam edən münaqişəyə girməyə cəhd edə biləcək bütün terrorçu qruplara mesajlar göndərib", - deyə Makron bildirib. 

Lakin bu məsələdə təkcə maraqlı tərəf Fransa deyil. ABŞ Yaxın Şərqdə gedən məsələlərə "hələ müharibəni dayandırmağın vaxtı deyil" ismarıclarını ötürüb. ABŞ və Fransanın, ümumilikdə Qərbin Yaxın Şərq və Cənubi Qafqaza yanaşmaları demək olar ki, eynidir. Məqsəd hər iki region üçün sülhü bərpa etmək, minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırıb, atəşkəsi əldə etmək yox, müharibəni daha da alovlandırıb yeni savaşlar yaratmaqdır. 

Qərb bu gün digər ölkələrin işlərinə qarışmağı öz daxili işləri ilə məşğul olmaqdan üstün tutur. Fransadakı mövcud vəziyyət bəllidir. Pərdələnmiş işğalçılıq siyasəti, demokratiya və insan hüquqlarını bir kənara qoyaraq qatı millətçilik, digər xalqların hüquqlarını tapdalamaq, neokolonializm və özünə forpost ölkələr tapmaq Fransanın əsas prinsiplərindəndir. 

Şübhəsiz ki, bu mənzərə bizim üçün yeni deyil. Qarabağ məsələsində Fransanın atdığı addımlar onun xislətindən xəbər verir. İndi də Makron hakimiyyətinin Qərb qonşumuzu silahlandırması, rəsmi İrəvanın ritorikasına süni əlavələr edərək aqressivləşdirməsi onu deməyə əsas verir ki, Fransa regionda yeni müharibənin başlamasını istəyir. 

Qərb istər Cənubi Qafqaza, istərsə də Yaxın Şərqə qarşı leşyeyən kərkəs quşu siyasəti yürüdür. Cəsəd qoxusunu 1,5 kilometrdən hiss edən bu quşlar vəziyyətdən istifadə edib daha çox zəifləmiş canlılara yönəlir, onların zəifliyindən istifadə edərək hücuma keçir. Fransa da belədir. Lakin qeyd etmək yerinə düşər ki, leşyeyən quşları diri tutmaq çox asandır. Bunun üçün hansısa vasitə də lazım deyil. Leşyeyən quşlar qidaya görə yaşayış məskənlərinə yaxın yerlərdə məskunlaşdığından insanların onları tutması daha əlçatan olur. Ağıllı və hiyləgər quş sayılsalar da əslində, bir o qədər də acizdirlər. Acgözlüyü ucbatından rahatlıqla tələyə düşürlər.

Qərbin destruktiv, Emmanuel Makronun isə marginal siyasətinin yaratdığı təhdidlərin qarşısını almağın tək yolu isə Ermənistan və Yaxın Şərqin Qərbə qarşı qapılarını bağlamasıdır. Belə olduğu təqdirdə, istər ABŞ, istərsə də Fransa regionda gedən məsələlərə müdaxilə edə bilməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".