Riyaziyyat: bütün elmlərin açarı
Elm

Riyaziyyat: bütün elmlərin açarı

Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür və bu tarix həm də Beynəlxalq Pi (p) günü kimi də qeyd olunur. Beynəlxalq Riyaziyyat Birliyi bəşəriyyətin həll etməyə çalışdığı qlobal məsələlərin - iqlim dəyişmələri, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının hesablanması və digər məsələlərdə riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq bu günün əlamətdar hesab olunması üçün UNESCO-ya müraciət edib. Qurumun Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.

Riyaziyyat aləmində geniş istifadə olunan Pi ədədi haqqında kifayət qədər sirlər mövcuddur. Çevrənin uzunluğunun diametrinə bölünməsi ilə ortaya çıxan Pi ədədinin işarəsi yunanca çevrə mənasına gələn "peri.metron" sözündən götürülüb. Ona görə də "p" simvol ilə göstərilir. Əksər hallarda "Ludolph ədədi" və "Arximed sabiti" olaraq da adlandırılan Pi ədədi haqqında saysız-hesabsız fərziyyələr irəli sürülür. Hər hansı bir riyazi sabitlə əlaqəli fikirlərin irəli sürülməsi bir az məntiqli olmasa da, əslində Pi ədədi ilə insanlıq tarixi arasındakı əlaqə müzakirə mövzusuna çevrilib. İstər antik dövr, istərsə də daha qədim zamanlarda bir çox tikilinin Pi ədədindən faydalanaraq inşa edildiyi barədə fikirlər, insanlıq tarixinin inkişaf prosesi ilə həmahənglik təşkil edir. Misir ehramları da daxil olmaqla, Şimali Amerikadakı bir sıra tikililərə qədər dünyanın bir çox bölgələrində əsrlərlə yaşı olan tikililərin necə inşa edilməsi haqqında olan araşdırmalarda da Pi ədədinə rast gəlmək mümkündür. Hətta müasir dövrümüzdən əvvəl də mədəniyyət səviyyəsinin yüksək olduğu toplumlar barədə məlumatlar da var.

Riyaziyyat elminin mahiyyətini dərindən analiz etsək, görərik ki, bu, tətbiqi məsələlərin həlli üçün güclü bir vasitə olmaqla yanaşı, ümumi mədəniyyətin bir elementidir. Müasir elmin inkişafı hər cür mürəkkəb prosesləri və hadisələri - fiziki, kimyəvi, bioloji, iqtisadi, sosial və digərlərini əhatə edir. Gündəlik həyatımızda riyaziyyata olan tələbatın artması tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsinin daha da genişlənməsinə imkan yaradıb. Fundamental bir elm olan riyaziyyatın metodlarına fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası kimi bir çox təbiət elmlərində də geniş yer verilib. Məşhur ingilis fiziki İsaak Nyuton deyirdi: "Riyaziyyatın elə bir budağı yoxdur ki, nə qədər mücərrəd olursa olsun, yaşadığımız dünyada istifadə sahəsi olmasın".

Bir çox bilik sahələrinin təkmilləşdirilməsi də riyazi üsulların tətbiqi ilə bağlıdır. Riyazi üsulların tətbiqi ilə eyni zamanda hadisələri qiymətləndirmək, əvvəlcədən proqnozlar vermək, baş verən proseslər haqqında daha anlaşılan və dəqiq nəticələr əldə etmək mümkündür.

Məhsuldar və yorulmaz fəaliyyətləri ilə riyaziyyat elminin dinamik inkişafına qayğısını əsirgəməyən, ölkəmizin elm tarixində dərin iz qoymuş və dünya elminə böyük töhfələr vermiş, yüksəkixtisaslı riyaziyyatçılarımız var.

Riyaziyyat sahəsində Azərbaycanda ilk elmlər doktoru olmuş akademik Zahid Xəlilov (1911-1974) ölkəmizdə funksional analiz məktəbinin əsasını qoymuş və keçmiş SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifi olmuşdur. O, funksional analiz, differensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində dünyaşöhrətli alimdir. Klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirərək mücərrəd sinqulyar inteqral tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir. Onun bu nəticələri sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunmuşdur. O, funksional Banax fəzalarında verilmiş differensial tənlikləri tədqiq edən ilk alimlərdəndir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, 1954-cü ildə AMEA-nın nəşriyyatında Zahid Xəlilovun "p" ədədinə həsr olunmuş "Dairənin kvadraturası" kitabı çap olunmuşdur.

İnteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biridə akademik, elmlər doktoru Əşrəf Hüseynovdur. Alimin qeyri-xətti sinqulyar inteqral tənliklər sahəsində aldığı fundamental nəticələr inteqral tənliklər nəzəriyyəsində sözün əsl mənasında bir dönüş yaratmışdır. Bu istiqamətdə davam etdirdiyi tədqiqatlar və çoxsaylı tələbələrinin aldığı nəticələr sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbi yaranmışdır.

Qeyd edilənlərə əsasən, alimlərimiz öz zəngin irsi və geniş elmi fəaliyyətləri ilə Azərbaycanda, habelə qlobal məkanda riyaziyyat elminin inkişafına töhfələr vermiş, azərbaycanlı gənclərin alim kimi yetişməsində onların böyük zəhməti olmuşdur. Ümidvarıq ki, ölkəmizin alimlərinin elmi irsi riyaziyyatçılarımızın fəaliyyəti və uğurları nəticəsində daim yaşayacaq.

Nurlan ABDALOV,

"Respublika".