Sabirabad: O, mədəniyyətimizin hamisi idi
Region

Sabirabad: O, mədəniyyətimizin hamisi idi

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar, gənc nəslə ulu öndər Heydər Əliyev irsinin, onun Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinin geniş təbliğ olunması, eyni zamanda uşaq və yeniyetmələrin yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların bədii-estetik zövqünün tərbiyə edilməsi və fərdi potensiallarının inkişaf etdirilməsi məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən “Mədəniyyətimizin hamisi” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib.

Müsabiqənin 1-ci turu 2023-cü ilin 30 aprel tarixinədək rayon nümayəndəlikləri tərəfindən müvafiq olaraq Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında keçirilib. Müsabiqənin 2-ci turu (final) isə 5 may 2023-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirildi və ümumilikdə 42 nəfər (12 nəfər bədii qiraət, 6 nəfər xanəndəlik, 24 nəfər isə fortepiano nominasiyası üzrə) uşaq və yeniyetmə iştirak etdi.

İştirakçılar hər bir nominasiya üzrə müvafiq olaraq təyin edilmiş 4 nəfər münsif tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirildi və münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşdi.

Qalibləri mükafatlandırma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, müsabiqənin keçirilməsində əsas məqsədin xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin gələcək nəsillər tərəfindən  daha dərindən öyrənilməsinə töhfə vermək olduğunu bildirdi.

Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı və mükafatlarla təltif olundular.

Tofiq Hüseyn,

“Respublika”.