Şambul kəndinin problemləri həll edilir
Region

Şambul kəndinin problemləri həll edilir

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbulunu Şambul kəndində keçirib. Hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinlərinin iştirak etdiyi qəbulda mövcud problemlər öyrənilib və onun həlli yolları müəyyənləşdirilib.

Respublika Prezidentinin göstərişinə və regionların sosial-iqtisadi inkişafina dair Dövlət proqramlarına əsasən rayonda həyata keçirilən layihələr barədə məlumat verildikdən sonra kənd sakinlərinin müraciətləri dinlənilib.

Şambul kəndinin 3 min nəfərə yaxın olan sakininin böyük əksəriyyətini avarlar təşkil edir. Azərbaycanlılarla yanaşı, saxurlar və qismən də ruslar, ukraynalılar, tatarlar, ləzgilər yaşayan kənddə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 3 məscid var.

Kənd sakinlərindən Maqsud Bazarov Şambul kəndində uşaq bağçasının tikilməsinə, Məlahət Musalova kəndin "Herayevlər" obası adlanan ərazisində artezian quyusunun qazılmasına, Şaban Qurdayev isə internet xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

M.QULUYEV,

"Respublika".