Region

"MASALLI – ABİDƏLƏŞƏN ŞƏHİDLƏR" SƏNƏDLİ FİLMİ

Masallıda şəhid ailələri, qazilər, müharibə iştirakçıları rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Masallı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə son bir ildə 3 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib. Şəhid adını daşıyan 26 küçəyə və şəhid ailələrinin yaşadığı mənzillərə qədər yola 306943 manatlıq asfalt örtük çəkilib. Şəhid ailələrinə 109710 manat, Vətən müharibəsi əlillərinə 14800 manat, müharibə iştirakçılarına isə 48750 manat məbləğində maddi yardım göstərilib.

İstedadlı yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu "Şəhidlik manifesti" kitabında Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış 67 nəfər masallılı igid haqqında ətraflı məlumat toplanıb.

Bu günlərdə tədqiqatçı-jurnalist, tanınmış yazıçı Zahir Əmənovun "Masallı - abidələşən şəhidlər" sənədli filmi rayon ictimaiyyətinə təqdim edilib. Masallı şəhidlərinin unudulmaz xatirəsinə həsr olunmuş film Heydər Əliyev Mərkəzində nümayiş olunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbədən, şanlı zəfərdən söhbət açıb. Rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb, filmin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov, Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafiz Qurbanov, yazıçı-publisist Pərvanə Ziyadova, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov və başqaları rayonda şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırıb, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra "Masallı - abidələşən şəhidlər" sənədli filmi nümayiş olunub.

Əlisəfa Həsənov,

"Respublika".