Seçki şəffaf və ədalətli keçirilir
Region

Seçki şəffaf və ədalətli keçirilir

Zəngilan
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad olunaraq quruculuq dövrünə qədəm qoyan Zəngilan və Qubadlı rayonlarında da siyasi kampaniyanın uğurla keçirilməsi üçün həlli vacib işlər görülüb. Belə ki, 30 ildən sonra ilk dəfə olaraq yeni seçki məntəqələri formalaşıb. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin sədri Əli Mönsümov bildirdi ki, 63 seçki məntəqəsinin 35-i Zəngilan, 28-i isə Qubadlı rayonunun seçiciləri üçün nəzərdə tutulub. Ordumuzun rəşadəti sayəsində düşmən əsarətində olan bütün torpaqlarımız azad edildiyindən Zəngilan rayonunda 3, Qubadlı rayonunda isə 1 yeni seçki məntəqəsi yaradılıb. 33 saylı seçki məntəqəsi Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində, 61 saylı seçki məntəqəsi Alıbəyli kənd “DOST AQROPARK”ın inzibati binasında, 62 saylı seçki məntəqəsi “KAL YON”şirkətinin binasında, 63 saylı seçki məntəqəsi isə Qubadlı rayonunun Xanlıq kəndində “POLAT YOL”şirkətinin inzibati binasında yerləşir. Bütün yeni məntəqələrdə seçkilər ədalətli və şəfff şəkildə keçirilir.

Seçicilərin yaş həddinə toxunan Əli Mönsümov qeyd etdi ki, seçicilərdən Məstan Əsədovanın 114, Telli İsmayılovanın 111, Məmmədalı Mustafayev, Firəngiz Aslanova  və Nobat Vəliyevanın isə hər birinin 100 yaşı var.

İşğaldan azad olunmuş bölgələrdə yaradılan seçki məntəqələrində səs verən seçicilərə Mərkəzi Seçki Komissiyasının özəl müraciəti təqdim edilib. Həmin müraciətdə qeyd olunub: “Hörmətli seçici, siz işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə keçiriləcək səsvermədə  iştirak imkanı əldə etmiş seçicisiniz. Bu əlamətdar hadisə münasibətilə Sizi təbrik edir, konstitusion hüququnuzun azad və sərbəst şəkildə reallaşmasında müvəffəqiyyətlər arzulayırıq”.

Zəngilan rayonunun Ağalı kəndində yaşayan, müharibə veteranı Baloğlan Mirzəyev növbədənkənar prezident seçkilərinin azad olunmuş torpaqlarımızda keçirilməsini sevinc hissi ilə qarşıladığını bildirdi. Qeyd etdi ki, bu gün biz dünyanın ən xoşbəxt insanlarıyıq. Bu səbəbdən də seçkidə kəndimizdə yaşayan və burada işləyən bütün seçicilər yekdilliklə səs verir. Çünki Ermənistanın vandal siyasəti nəticəsində darmadağın edilən yurd yerlərimiz müasir tələblər səviyyəsində yenidən qurulub və biz öz doğma torpaqlarımızda rahat və təhlükəsiz şəraitdə yaşayırıq. Bir müharibə veteranı olaraq bu hisslər mənə daha doğmadır və Zəfərimizin əsrlər boyu bizlərə əbədi xoşbəxtlik bəxş edəcəyinə əminəm.

 Zəngilan və Qubadlı rayonlarının yeni formalaşan bütün məntəqələrində seçki qanunvericiliyə uyğun olaraq tam demokratik şəraitdə keçirilir.

M.NƏRİMANOĞLU,

“Respublika”.