Seçkilər azad və demokratik şəraitdə, yüksək səviyyədə keçdi
Siyasət

Seçkilər azad və demokratik şəraitdə, yüksək səviyyədə keçdi

Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə keçdi və beynəlxalq müşahidəçilər, ölkə ictimaiyyəti bunun əyani şahidi oldu. Eyni zamanda partiyamız da qərargah yaratmışdı, bir çox seçki məntəqələri və dairələrdə müşahidəçilərimiz vardı. Daxil olan məlumatlar da bunu bir daha təsdiq etdi.

Prezident seçkilərinin gedişatını və yekunlarını partiyada müzakirə edərkən hər kəs seçkilərin yüksək səviyyədə keçdiyini təsdiqlədi. Vəhdət Partiyası bununla bağlı bəyanat yayaraq yenidən Prezident seçilmiş İlham Əliyevi təbrik etdi. Seçki mühiti və seçkilərin keçirilməsi ilə bağlı mövqeyimizi bildirdik. Şübhəsiz ki, Prezident İlham Əliyevin 92,12 faiz səslə qalib gəlməsini xüsusilə vurğuladıq. Bu, tam obyektiv rəqəm olmaqla İlham Əliyevin azad və demokratik şəraitdə keçirilən seçkilərdə qalib gəldiyini təsdiqləyir. Buna heç kimin şübhəsi ola bilməz. Lakin təəssüf ki, bəzi qüvvələr əsassız olaraq seçkidə iştirak etmədilər. Əslində onlar sadəcə 40 min imzanı toplamaqdan qorxdular. İkinci halda bunu bacarsaydılar belə seçkidə iştirak etmək üçün öz platformalarını təqdim etməli idilər. Ancaq onlar bundan imtina etməli oldular. Həmin qüvvələr seçkidən imtina etməklə özlərinə ziyan etdilər. Çünki dünya ictimaiyyəti seçkinin ədalətli və şəffaf keçirildiyinin şahidi oldu. Dünyanın böyük dövlətləri Çin, Türkiyə, Rusiya, Pakistan və digər ölkələrin rəhbərləri İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edirlər. Belə olan təqdirdə, bəzi daxili və xarici qüvvələrin mənfi rəyi bizim üçün əsas ola bilməz. Əsas odur ki, Azərbaycan xalqı 100 illərdən bəri torpaqlarımızın ilk dəfə azad edilməsinin şahidi oldu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Haqlı olaraq xalqımız bu seçkini bayram əhvali-ruhiyyəsilə elə qeyd etdi. Hər kəs bunun şahididir.

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri,

Milli Məclisin deputatı.