Səfir: Qarabağda yaşamamaq barədə qərarı ermənilər özləri veriblər
Siyasət

Səfir: Qarabağda yaşamamaq barədə qərarı ermənilər özləri veriblər

Ermənilərin seçimi var idi, ancaq onlar Azərbaycanın Qarabağ bölgəsində yaşamamaq barədə qərarı könüllü olaraq özləri veriblər. Seçim onlarındır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Franceinfo" telekanalına müsahibəsində deyib. Əsassız ittihamlara cavab verən diplomat bildirib ki, qorxudan, fantaziyalardan çıxmaq lazımdır, Azərbaycan tərəfindən müharibə yoxdur.

Leyla Abdullayeva vurğulayıb ki, Ermənistanın baş naziri özü sentyabrın 21-də mülki əhali üçün heç bir təhlükənin olmadığını bəyan edib. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası iki gün əvvəl bölgəni tərk edən ermənilərə qarşı pis rəftarla bağlı məlumatın olmadığını bildirib. Azərbaycanda müharibə yoxdur. Qarabağı tərk edənlər bu bölgədə yaşamağa davam etməməyi qərara alan insanlardır.

"Azərbaycan hökuməti onlara yaşayış yerini tərk etməmək təklifi verdiyi üçün onların seçimi var idi. Hökumət Qarabağda yaşayan erməni azlıqlar da daxil olmaqla, Azərbaycanın bütün əhalisinin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin edəcəyini bildirib", - deyə L.Abdullayeva diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan əsgərləri ölkəmizin suveren ərazisini qoruyur, Qarabağ Azərbaycanın suveren ərazisidir. Bunu hamı başa düşür və bütün ölkələr, eləcə də Ermənistan, Fransa, bütün beynəlxalq ictimaiyyət qəbul edir.

"Prezident İlham Əliyev bir neçə il əvvəl Ermənistan ərazisinin Azərbaycan torpağı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Hər iki ölkənin (Ermənistan və Fransa) liderlərinin Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət olunduğunu əks etdirən bəyanatları var. Azərbaycanın istəyi qonşuları, eləcə də Ermənistan ilə sülh şəraitində yaşamaqdır", - deyə səfir ölkəmizin mövqeyini bir daha açıqlayıb.

Diqqətə çatdırılıb ki, buna görə də Azərbaycan normallaşma prosesinə başlayıb. Prezident İlham Əliyev bildirib ki, Ermənistanda tarixən azərbaycanlılar yaşayıblar. Lakin təəssüf ki, SSRİ-nin süqutu ərəfəsində 250 min azərbaycanlı öz tarixi ərazilərindən qovulub. Biz heç vaxt demirik ki, Ermənistanı işğal etmək istəyirik. Deyirik ki, biz İrəvana qayıdacağıq. Biz bunu təyyarə ilə edəcəyik, münasibətlərimizi normallaşdırmaq, Ermənistanla sülh şəraitində yaşamaq istəyirik. Ermənistanın ərazi bütövlüyü üçün ən yaxşı təminat sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan sülh müqaviləsi layihəsini təklif edib.

Jurnalistin Fransa xarici işlər nazirinin Ermənistana səfəri ilə bağlı sualını cavablandıran L.Abdullayeva deyib: "Azərbaycanın bir sıra dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlığı var. Hansı sahələrdə əməkdaşlığı davam etdirmək istəməsi isə Fransanın öz işidir".