Şəhid ailələri və müharibə əlilləri dövlət qayğısı ilə əhatə olunub
Sosial həyat

Şəhid ailələri və müharibə əlilləri dövlət qayğısı ilə əhatə olunub

Ölkəmizdə bütün sahələr kimi, sosial sahəyə də xüsusi diqqət və qayğı göstərilir. Məcburi köçkünlər, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, qazilər daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev daim öz xalqının rifahını, həyat şəraitini yaxşılaşdırmağa çalışan güclü liderdir. Dövlət başçısı İlham Əliyev 2006-cı ilin 19 dekabrında "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, şəhid ailəsi üçün Prezident təqaüdü 100 manat müəyyənləşdirilib. Dövlət başçısının 8 sentyabr 2010-cu il tarixində imzaladığı fərmana əsasən, təqaüd 100 manatdan 150 manata qaldırılıb. Bu proses davamlı xarakter alıb. 2011-ci ildə şəhid ailələri üçün Prezident təqaüdü 165 manat, 2013-cü ildə 200 manat müəyyən edilib. 2019-cu ildə isə 300 manat müəyyənləşdirilib. Beləliklə də, hazırda şəhid ailələri hər ay 300 manat Prezident təqaüdü alır. Şübhəsiz ki, dövlətin imkanları artdıqca bu sahədə də artım olacaq.

Son üç ildə dövlətin torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Belə ki, həmin təbəqəyə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə şəhid ailələrinə, qazilərə qayğının əsası Ulu Öndər tərəfindən qoyulub. Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun adını daşıyan Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub, bununla yanaşı, şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilən pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin, aylıq olaraq 500 manat Prezident təqaüdünün verilməsi, yas mərasiminin təşkili üçün 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailərinə dövlət qayğısının ən böyük nümunəsidir.

Prezident İlham Əliyevin 2021-ci il dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu kimi, "YAŞAT" Fondunun yaradılması haqqında imzaladığı Fərman həmin təbəqədən olan şəxslərə göstərdiyi qayğının, diqqətin nümunələrindən biridir. Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına toplanan Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Qeyd edək ki, şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı bu il də öz ampulasında davam edir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verilib. Beləliklə, ölkə başçımızın müvafiq Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5100, bu il 600, ümumilikdə ötən dövrdə 13900 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Şübhəsiz ki, bunlar Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi sosial siyasətin uğurlarıdır. Torpaqlarımız uğrunda canından keçən vətən oğullarının ailələri və xəsarət alan şəxslər daim dövlətimizin diqqət mərkəzində olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".