ŞƏHİD AİLƏLƏRİ YENİ MƏNZİLLƏRDƏ
Sosial həyat

ŞƏHİD AİLƏLƏRİ YENİ MƏNZİLLƏRDƏ

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və iş adamlarının dəstəyilə rayonda Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün fərdi evlər tikilir. Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən Rüdəkənar kəndində şəhid Arzuman Qurbanovun ailəsi yeni tikilmiş mənzilə köçüb.

Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra aparatının rəsmiləri, Milli Məclisin deputatı Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak ediblər.

Əvvəl kənd qəbiristanlığında uyuyan şəhidin və atasının məzarları ziyarət olunub. Hər iki məzarın üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Sonra təzə evin qarşısında açılış mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı rayonunda da şəhid ailələrinin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Rayon rəhbəri təzə evin sənədlərini şəhidin anası Nabat xanıma təqdim edib. Yeni mənzil münasibətilə ailəyə xeyir-dua verib və xoş arzularını söyləyib.

İki şəhid anası Ziba Əsgərova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, şəhid atası Tofiq Şahbazov və başqaları çıxışlarında Masallı rayonunda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən razılıqlarını ifadə ediblər.

Şəhid anası Nabat Qurbanova şəhid ailələrinə göstərilən ardıcıl, davamlı qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

***

Çaxırlı kəndində Vətən müharibəsi şəhidi, çavuş Namiq Nurəddin oğlu Bağırovun ailəsi üçün yeni fərdi ev inşa olunub. Şəhidin ad günü təzə mənzildə qeyd olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsinin şanlı qələbə ilə başa çatdığını, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edildiyini bildirib. İcra başçısı zəfərin əldə olunmasında ordumuzun qüdrətindən, döyüşlərdə Namiq Bağırov kimi igidlərin qəhrəmanlığından danışıb.

Cəbhələrdə şəhidlik zirvəsinə ucalmış oğulların ruhları qarşısında baş əyir, onlara uca Allahdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları, döyüşlərdə yaralanmış qaziləri, müharibə iştirakçılarını heç vaxt unutmayacaq.

Şəhid atası Nurəddin Bağırov oğlunun döyüş yolundan, qəhrəmanlığından söhbət açıb. Şəhidlərin qanının yerdə qalmadığını, şəhidlərin qisasının döyüş meydanlarında alındığını vurğulayıb. Şəhid ailələrinə, qazilərə göstərilən yüksək qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Ə.HƏSƏNOV,

"Respublika".