Şəhid uşaqlarından daha bir qrup Qubada təşkil edilən yay düşərgəsinə yola salınıb
Sosial həyat

Şəhid uşaqlarından daha bir qrup Qubada təşkil edilən yay düşərgəsinə yola salınıb

Şəhid uşaqları üçün yay düşərgəsinin ikinci mərhələsi başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, agentliyin sosial sifarişi əsasında "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.

Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdir müavini Fərhad Allahverdizadə deyib: "Bu gün Qubada şəhidlərin övladlarının asudə vaxtını səmərəli keçirilməsi üçün təşkil edilən yay istirahət düşərgəsinin ikinci mərhələsi başlayır. Ölkəmizin ayrı-ayrı bölgələrində olan şəhid ailələrinin övladları və valideynlər Azərbaycanın səfalı guşələrindən olan Qubada xoş istirahət günləri keçirəcəklər. Onlar tarixi və görməli yerlərə ekskursiyaya aparılacaq, uşaqlar əyləncəli və su oyunlarında iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcək, asudə vaxtlarını səmərəli keçirəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə layihələri davamlı olaraq həyata keçirəcək".

Düşərgəyə yola salınan Əsnad Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılzadənin qızıdır, 10 yaşı var. O, öz ürək sözlərini belə ifadə edib: "İndiyədək Şabranda və Qəbələdə düşərgədə olmuşam. Həmin düşərgələr barədə təəssüratlarım çox gözəldir. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi düşərgədə isə ilk dəfədir ki, iştirak edirəm. Ümid edirəm ki, bu düşərgə də maraqlı və yaddaqalan olacaq".

Polkovnik-leytenant Soltan Məmmədovun qızı Ləman isə Yevlaxdakı Səmədabad kənd tam orta məktəbinin onuncu sinfində oxuyur. Onun dediyinə görə, qardaş və bacısı da şəhid uşaqları üçün təşkil edilən düşərgələrdə istirahət ediblər. Bu il ikinci dəfə yay düşərgəsinə yola düşən Ləman deyib: "YAŞAT" Fondunun Şabranda təşkil etdiyi yay düşərgəsində olmuşam, bir həftə ərzində çox maraqlı günlər keçirdik. Ümid edirəm ki, bu dəfə də təəssüratlarım bol olacaq, özümə çoxlu yeni dost qazanacağam".

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin oğlu Fuad da Qubaya istirahətə yola düşənlər arasındadır. "İdrak" liseyinin doqquzuncu sinfində oxuyan Fuad deyib: "Mənə ötən ilin yayında da Qubada istirahət etmək nəsib olub. Bu dəfə isə daha maraqlı olacağını düşünürəm".

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, 70 nəfərin iştirak etdiyi yay düşərgəsinin birinci mərhələsi çox maraqlı və əyləncəli keçib, iştirakçıların yaddaşında unudulmaz təəssürat buraxıb: "Budəfəki düşərgədə 75 nəfər iştirak edəcək, onların 52-si şəhid övladları, qalanları isə valideynlərdən ibarətdir. Bu gündən başlanan yay düşərgəsi avqustun 13-dək davam edəcək".

Şəhid övladlarını Qubaya aparan avtobus yola düşür. Onları yola salanlar layiqli ataların yadigar övladlarına "yaxşı yol" arzulayıb avtobusun arxasınca su atırlar...

AZƏRTAC