ŞƏMKİRDƏ YENİ MƏKTƏBLƏR TİKİLİR
Sosial həyat

ŞƏMKİRDƏ YENİ MƏKTƏBLƏR TİKİLİR

Şəmkir rayonunda bütün sahələrlə yanaşı, təhsilin inkişaf etdirilməsi də daim diqqətdə saxlanılır. Rayonda bu sahədə aparılan infrastruktur layihələrlə tanış olmaq üçün Tovuz-Qazax Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərovla həmsöhbət olduq.

Müsahibim bildirdi ki, respublikamız müstəqillik qazandıqdan sonra ilk illərdə digər sahələrlə yanaşı Azərbaycan təhsili də özünün tənəzzül dövrünü yaşadı. Mövcud məktəb binalarının demək olar ki, böyük əksəriyyəti nəzarətsiz qalaraq yararsız vəziyyətə düşdü. Bu da öz növbəsində təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərdi.

Ulu Öndər Heydər Əliyev respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra təhsil özünün əsl inkişaf dövrünə qədəm qoydu. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf edir, aparılan uğurlu siyasətdə Azərbaycan təhsilinin tərəqqisi, savadlı gənclərin yetişməsi prioritet təşkil edir. Bunun üçün məktəblərin maddi-texniki bazası gücləndirilir, hər il ölkənin dörd bir tərəfində onlarla yeni, müasir standartlara cavab verən təhsil ocaqları inşa və ya əsaslı təmir olunmaqla bütün zəruri avadanlıqlarla təchiz edilərək müəllim və şagirdlərin ixtiyarına verilir. Eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təhsil sahəsində misilsiz işlər həyata keçirilir.

Ölkənin ən ucqar yaşayış məntəqələrində belə yararsız, köhnə məktəblər tarixə qovuşur, yerində işıqlı, müasir binalar inşa olunaraq istifadəyə verilir.

E.Ələsgərov bildirdi ki, bütün bu layihələrin icrası Şəmkir rayonundan da yan keçməmişdir. Göstərilən bu diqqət və qayğı təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Məhz bunun nəticəsidir ki, rayonda ali təhsil ocaqlarına tələbə qəbulu sayında ilbəil artım müşahidə olunur.

Son iki-üç il ərzində yeni məktəb binalarının tikintisi, əsaslı və cari təmir işlərinin aparılması bunu təsdiq edir. Hazırda Şəmkir rayonunda 66 tam, 12 ümumi orta məktəb fəaliyyət göstərir.

2022-ci ildə Şəmkir şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey, Zəyəm-Cırdaxan kənd 2 saylı tam orta məktəb, N.Nəsirov adına Ələsgərli kənd tam orta məktəbin tikintisi davam etdirilir. Yuxarı Çaykənd kənd orta məktəbi, Şəmkir şəhər 7 saylı körpələr evi-uşaq bağçası, Şəmkir şəhər 8 saylı körpələr evi-uşaq bağçası, Kür qəsəbə körpələr evi-uşaq bağçaları tikilib istifadəyə verilmişdir.

2020-2023-cü illərdə rayon ərazisində 23 ümumtəhsil məktəbi cari, birində isə əsaslı təmir işləri aparılmışdır. Bundan başqa, iki uşaq bağçasında əsaslı, birində isə cari təmir işləri aparılaraq körpə fidanların ixtiyarına verilmişdir.

Rayon ərazisində olan bəzi köhnə binalarda layihələndirmə işləri aparılır. Əminliklə bildirmək olar ki, yaxın gələcəkdə Şəmkirdə bütün yaşayış məntəqələri yeni, müasir standartlara cavab verən məktəb binaları ilə təmin olunacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".