Separatçı
Gündəm

Separatçı "liderlər" cinayət əməllərinə görə cavab verir

Neçə illərdir ki, Xocalıda baş vermiş dəhşətli hadisələri izləyərək "gün gələcək bu cinayətləri törədənlər layiqli cəzasını alacaqlar" deyib özümüzdə təskinlik tapırdıq. Düşmənlərimizin bizimlə olan dərdinin tək torpaq məsələsi olmadığını 44 günlük Vətən müharibəsində də gördük. Tərtərə, Bərdəyə və ölkəmizin ikinci ən böyük şəhərinə atılan raketlər onlarla günahsız insanımızın həlak olmasına səbəb olmuşdu.

Hələ törətdikləri bu vəhşiliklər azmış kimi, bunun təşkilatçıları ekranların önünə keçib öz cinayətlərindən "qürurla" danışmışdılar da.  Bu cəlladlar ağıllarının uclarından belə keçirmirdilər ki, nə vaxtsa ədalət qarşısında qanunsuz əməllərinin hesabını verəcəklər. Əslində onların belə arxayın olmağının səbəbi beynəlxaq təşkilatların bu cəlladları bu günə qədər mühakimə etməməsi idi. Əgər dünyada haqq-ədalət olsaydı, Xocalıda, Gəncədə və digər bölgələrdə mülki insanlar belə asanlıqla qətlə yetirilməzdi. Dünya ictimaiyyətinin susqunluqla qarşıladığı bu hadisələrə indi əsl qiymətin verilməsi zamanı gəlib çatıb. Məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının qarşısında.

Artıq separatçı rejimin ünsürləri bir-bir tutularaq Bakıya gətirilir. Hansı ki, bu şəxslər uzun illərdir Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan, "dövlət" yaratmaq eşqində yaşayanlar olub.  Ermənistan vətəndaşı, bir zamanlar qondarma rejimin "dövlət naziri" olmuş Ruben Vardanyan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunub. Məlum olduğu kimi, DTX Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı ibtidai istintaq aparır. Nəticədə terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmiş R.Vardanyan qanun qarşısında cavab verməli olacaq.

Digər bir xoş xəbər isə Gəncə terrorunun təşkilatçısı və bunun əmrini verən Araik Arutyunyanın da həbs olunmasıdır.  Xüsusilə Gəncə terrorunun ildönümündə  separatçı cəlladın tutulması sevindirici oldu.  Lakin Azərbaycan bu məsələdə də hüquqi öhdəliklərini tam yerinə yetirir. Çünki Azərbaycan Respublikası cinayətin miqyasından asılı olmayaraq hər bir təqsirləndirilən şəxsi qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və hüquqi etikaya uyğun  şəkildə mühakimə edir.

Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma "Dağlıq Qarabağ respublikasının müdafiə ordusu komandanının birinci müavini" adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir. Manukyan Davit Azati də həbs olunan cinayətkarlar arasındadır. Belə ki, o, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılana qədər bölgədə terrorçuluq fəaliyyəti ilə məşğul olub.

İyul ayında Vaqif Xaçaturyanın Laçın sərhəd-buraxılış məntəqəsində tutulmasından sonra artıq separatçı rejimin üsnürləri məsələnin nə dərəcə ciddi olduğunun fərqinə vardılar. Onlara məlum oldu ki, Azərbaycanın hüquqi bazasında xalqımızın qanına əli bulaşmış hər bir şəxsin adı var.

Xatırladaq ki, Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir.

Musa BAĞIRLI,

"Respublika".