Azərbaycan və Tacikistan sosial sahədə əməkdaşlıq sənədi imzalayıb
Gündəm

Azərbaycan və Tacikistan sosial sahədə əməkdaşlıq sənədi imzalayıb

Noyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Gülnora Hasanzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Tacikistanın ortaq tarixə, dinə və mədəniyyətə malik ölkələr olduğunu və iki ölkənin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə əlaqələrin daim genişləndiyini vurğulayıb.

"Respublika" Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

G.Hasanzoda əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu və bu sahədə gələcəkdə də səylərin artırılacağını, fəal təcrübə mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşün yekunu olaraq nazirlər “2024-2025-ci illər üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı”nı imzalayıblar.

Sənəddə həmin dövrdə iki nazirlik arasında müvafiq fəaliyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün görüləcək tədbirlər əhatə olunur.