Sərhədlərin delimitasiyası sülh müqaviləsinə əngəl olmamalıdır
Siyasət

Sərhədlərin delimitasiyası sülh müqaviləsinə əngəl olmamalıdır

Azərbaycanla ilə Ermənistan arasında bu il sülh sazişinin imzalanması ehtimalı böyükdür. Barışın əldə olunması üçün  demək olar ki,  elə bir ciddi  maneə də qalmayıb. Çünki Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa edib. Ermənistan hakimiyyətinin də Qarabağla bağlı planları tam olaraq iflasa uğrayıb.

Lakin sülh sazişinin imzalanması bütün problemlərin həlli demək olmayacaq. İki məsələ sülh sazişinin xaricində qalacaq. Bu, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılmasıdır ki,  bunlar hələ də müzakirə predmetidir və uzun zaman ala bilər. Lakin sərhədlərin delimitasiyası sülh müqaviləsinə əngəl olmamalıdır. Bunun bir sıra nümunələri də var. Məsələn,  Azərbaycan-Gürcüstanla strateji tərəfdaşdır, çox isti münasibətlərə malikdir. Buna baxmayaraq, iki ölkə arasında  sərhəd hələ də tam müəyyənləşməyib. Rusiya ilə də belə nüanslar olsa da, dinc yolla həll olunub. O ki, qaldı Ermənistanla Azərbaycan arasındakı delimitasiya məsələsinə, düşünürəm ki,  bu, bizim üçün böyük problem də deyil. Çünki biz sərhəd istiqamətində strateji yüksəkliklərə nəzarət edirik.

İndiki məqamda rəsmi Bakı işğal altında olan səkkiz kəndin geri qaytarılması və kommunikasiya xəttinin açılmasını qarşı tərəfdən tələb edir. Amma Ermənistan hər zaman olduğu kimi,  irəli addım atmaq əvəzinə qarşıya süni maneələr çıxarır. Fikrimcə, uduzan yenə də İrəvanın özü olacaq. Bizim artıq İranla da razılaşmamız var, Ermənistana görə planlarımızı təxirə sala bilmərik.  Məlum olduğu kimi, Araz çayının kənarı ilə dəmir yolları inşa ediləcək. Bu da kommunikasiya xəttinin açılması deməkdir.  Məncə, gələcək müzakirələrin predmeti sülh sazişinin imzalanmasıdır ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımaqla bu məsələni həll edə bilər. Əgər bu baş versə sonrakı mövzuları da rahat şəraitdə həyata keçirmək olar.

Elxan ŞAHİNOĞLU,

politoloq.