Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olunub, perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq ifadə etdilər, bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü bildirib. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC