SEVİNC ÜNVANI
Region

SEVİNC ÜNVANI

Lənkəranda hamının tanıdığı doğma bir ünvan var: Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evi. Dövlətimizin qayğısına, mərhəmətinə sığınmış 52 uşaq bu evin sakinidir. Onlardan 32-si oğlan, 20-si qızlardır. 3-18 arası yaşları var. Hərəsi bir ailənin övladıdır, 6-sı isə kimsəsizdir.

Burada yaşayan və tərbiyə alan uşaqlar dövlətimiz tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində "Məzun evləri" ilə təmin olunur. Həmçinin deinstituzasiya proqramına uyğun olaraq tədricən bioloji ailələrə qaytarılır.

Uşaq evinin direktoru, təcrübəli, novator pedaqoq Mehriban Səfərova ilə uşaqlar üçün yaradılmış şəraitlə tanış oluruq. Mehriban xanım uşaq evinin ikimərtəbəli binasının 1987-ci ildə tikilib istifadəyə verildiyini, 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildiyini, yeni, müasir istilik sisteminin qurulduğunu bildirdi. İstirahət, yataq, məşğələ, kompüter, xalçaçılıq otaqları, yeməkxana, akt zalı, 2 kitabxana, oxu zalı, emalatxana və idman zalı zövqlə təmir olunub. Səliqə-sahman göz oxşayır.

 

Hər dəfə yeni dərs ili ərəfəsində Heydər Əliyev Fondu tərəfindən şagirdlərə məktəbli çantası, dərs ləvazimatları hədiyyə olunur. Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi uşaqların sağlam böyüməsinə, təhsilinə xüsusi qayğı göstərir.

Bu yaxınlarda uşaq evində böyüyüb ərsəyə çatmış Günay Bayramova Kərgəlan kənd sakini Qorxmazla ailə həyatı qurub. Lənkəran şəhərinin "Qala" şadlıq sarayında keçirilən toy mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri, xeyriyyəçilər iştirak edib. Uşaq evinin direktoru Mehriban Səfərova gənclərə xeyir-dua verib,  onlara ailə səadəti, xoşbəxtlik arzulayıb. Gənc cütlüyə cehiz, məişət əşyaları hədiyyə olunub.

Uşaq evində keçirilən Yeni il tədbiri də şən, oynaq mahnılar, gözəl rəqslər, Şaxta baba və  Qar qızın zarafatları, yumorları və hədiyyələri ilə yadda qalıb.

Ə.HƏSƏNOV,

"Respublika".