QƏBƏLƏ: Qazanılmış uğurlar gələcək fəaliyyətimizin təməlidir
Region

QƏBƏLƏ: Qazanılmış uğurlar gələcək fəaliyyətimizin təməlidir

Gələcəyimizin təminatı olan gənclərimizin maraqlarını, istedad və bacarıqlarını inkişaf etdirərək, lazımi bilik, davranış və birgə işləmək vərdişlərini mənimsəməklə həyata hazırlanmasında və ölkəmizin inkişafında onların mühüm bir amilə çevrilməsində peşə təhsili böyük imkanlar yaratmışdır. Çünki ölkəmizdə xüsusi diqqət və qayğı ilə tam əhatə olunan peşə təhsili sistemi son illər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. "Peşə təhsili haqqında" qanunu və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" kimi mühüm sənədlərin təsdiq edilməsi ilə bu sistem uğurlu inkişafına imza atmışdır.

Rəhbərlik etdiyim Qəbələ Dövlət Peşə

 Təhsil Mərkəzi regionda turizm və kənd təsərrüfatı istiqamətində kadr hazırlığı üzrə əhəmiyyətli dərəcədə seçilən təhsil ocaqlarındandır. Mərkəzdə təhsil dövlət vəsaiti hesabına və ödənişli əsaslarla aparılır.

 Publik hüquqi şəxs olduqdan sonra mərkəzimizdə kadr hazırlığında daha bir uğurlu yeniliyə imza atılmışdır. Artıq 2-ci ildir ki, yüksək texniki peşə təhsili səviyyəsinin tədrisi aparılır. Qeyd edək ki, yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur. Bu təhsil səviyyəsi müxtəlif texnologiya və texniki proseslərin tətbiqi, uyğunlaşdırılması və optimallaşdırılması üzrə işləri icra edəcək nəzəri və praktiki bacarıqlara sahib kadrların hazırlanmasını həyata keçirir. Peşə təhsili ilə ali təhsil pilləsi arasında keçid imkanlarını təmin edir.

Cari il ərzində tələbələrimiz ADAU-da, Göygöl Sınaq Laboratoriyasına, İsmayıllı rayonunda yerləşən AZZA QSC-nin heyvandarlıq kompleksinə, QSC-yə səfər etmiş, UNEC ilə onlayn infoturda, Bakı Konqres Mərkəzində "Gənc Mühasiblər" İB-nin təşkilatçılığı ilə Milli Mühasiblər Forumunun II Panel Görüşündə, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə virtual görüş, "Bakı Marafonu-2023"də iştirak etmişlər.

Mərkəzimiz respublikanın qabaqcıl peşə mərkəzi olaraq xarici dövlətlər ilə də təcrübə mübadiləsi edir. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol" çərçivəsində hər il olduğu kimi, bu il də bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak etmişdir. Həmçinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək təhsil müəssiəsinin rəhbərliyi ilə görüş keçirmişdir.

Həmçinin Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində mərkəzin "Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında" iştirak hüququ qazanmış tələbələri aprel ayından Almaniyada təcrübəyə başlamışdır. Qeyd edək ki, təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir. Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almaniyada təcrübə keçəcək seçilmiş tələbələrə "Fermer biznes oyunu" və "Təsərrüfatın davamlı idarəedilməsi" adlı təlimlər keçirilmiş və "Almaniya Təcrübə Proqramı" layihəsi çərçivəsində alman dili kursunu, proqram öncəsi təlimləri müvəffəqiyyətlə bitirən tələbələr seçilmişdir. Mütəmadi olaraq həmin tələbələrlə əlaqələr yaradılaraq mövcud vəziyyət barədə məlumatlar əldə edilir.

Ötən il ölkə üzrə ilk dəfə təşkil olunan "Bir Peşənin Sirri" festivalında bu il də mərkəzimiz uğurla təmsil olunmuşdur. Festivalda qonaqlara mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilmişdir.

Məzunlarımız daim bizi sevindirməkdə davam edirlər. Onlar cari il ərzində paytaxt Bakı və rayonumuzun bir sıra işəgötürən müəssisələrində aşpaz, baş aşpaz, şef şirniyyatçı və s. kimi vəzifələrə təyin olunmuşlar.

Mərkəz işəgötürən müəssisələrlə sıx əməkdaşlıq edərək 55-dən çox dövlət və özəl təşkilatla müqavilələr imzalamışdır. Bununla da yalnız tələbələrin təcrübəsi zamanı deyil, ümumiyyətlə tədris prosesində də biznes müəssisələrinin nümayəndələrinin yaxından iştirakı təmin edilir.

Qalib NƏBİYEV,

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.