Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür
Digər xəbərlər

Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür

Prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət prioritetləri ölkəmizi dünya miqyasında güclü dövlətlər sırasına yüksəldib və özünəməxsus inkişaf modelləri ilə tanıdıb. Xüsusilə ötən illərin təcrübəsi və uğurlu göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələri icra edib və öz hədəflərinə çatır.

Ən əsası isə Azərbaycan heç kimdən həm siyasi, həm də iqtisadi baxımdan asılı olmayan, tamamilə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş statusunu qazanan ölkə kimi dünya xəritəsində öz yerini tutub. Dövlətin qüdrəti həm də onun güclü iqtisadiyyatı ilə ölçülür. Əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı son 20 ildə elə davamlı inkişaf yolu tutub ki, dünyada baş verən bütün böhranlara layiqincə sinə gərib. Buna yalnız pandemiya dövründə dünyada yaşananları misal göstərmək kifayətdir. Eləcə də ağır müharibədən keçdik, işğalda olan torpaqlarımızı azad etdik. Sözsüz ki, güclü iqtisadiyyat bütün qələbələrin rəhnidir. Bu gün Azərbaycan böyük bir ərazidə yeni şəhərlər, kəndlər salır, tarixdə misli görünməmiş abadlıq-quruculuq işləri aparır. Ən önəmlisi isə odur ki, dövlətimiz bunu heç bir dəstək almadan, ancaq özünün daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərən faktorların bir qismidir.

Ölkəmizin effektli sosial-iqtisadi inkişaf strategiyası imkan verir ki, regionlarımızın hərtərəfli tərəqqisi təmin olunsun. Regionlarla bağlı qəbul edilmiş Dövlət proqramları, eləcə də sosial-iqtisadi inkişafa dair fərmanlar, imzalanmış sərəncamlar, icra olunmuş layihələr yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, vətəndaşların məşğulluğunun artırılmasına, güzəranının yüksəldilməsinə gətirib çıxarıb. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizə qədər enib və bu da son dərəcə yüksək göstəricidir. Eyni zamanda kənd yerlərinin inkişaf potensialı xeyli güclənib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, məhsuldarlığı yüksəlib, kiçik fermer təsərrüfatları iri fermer təsərrüfatlarına çevrilməkdədir. Habelə bölgələrdə iqtisadiyyat daha da şaxələnib, rəqabətqabiliyyətliliyi artıb, regionların turizm imkanları genişlənib. Ümumilikdə, regionların davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin olunub.

Bildiyimiz kimi, bu gün dünya qlobal iqlim dəyişmələri səbəbindən kəskin su çatışmazlığı kimi böyük bir sınaqla üz-üzə qalıb. Hazırda dövlətimiz bu qlobal problemlə fəal mübarizə aparır, su qıtlığının aradan qaldırılması, tələbatın tam ödənilməsi istiqamətində mühüm işlər görülür. Belə ki, su kanallarının suvarma keyfiyyəti yüksəldilir, su anbarlarının istismar şəraiti yaxşılaşdırılır, mütərəqqi suvarma üsulları tətbiq edilir və s. Görülən işlərin davamı olaraq, dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı və aprelin 16-da kanalın təməli qoyuldu. Bu, mühüm bir layihədir, ölkəmizdə su təminatının yaxşılaşmasına, su itkilərinin aradan qaldırılmasına böyük dəstək olacaq. Eləcə də kanalın potensialı imkan verəcək ki, əlavə olaraq əkinəyararlı daha 116 min hektar torpaq əkilib becərilsin. Bu da ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə deməkdir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.