Sumqayıt Melioservis İdarəsinin uğurları
Region

Sumqayıt Melioservis İdarəsinin uğurları

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər çərçivəsində əsaslı təmir işləri görür, bir çox layihələri uğurla yerinə yetirir. İdarənin gördüyü işlərdən biri də Qazax rayon Şıxlı kəndi ərazisində, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması layihəsidir.

2023-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulan layihə nəticəsində 700 hektara yaxın əkin sahəsinin suvarılması yaxşılaşacaq. Xram çayından götürülən suyun borular vasitəsilə sahələrə verilməsi nəticəsində bu vaxta qədər suvarılması çətin olan ərazilər də suvarma suyu ilə təmin olunacaq. Artıq rayonun müxtəlif ərazilərində texnikalar və idarənin işçi heyəti tərəfindən tikinti və quraşdırma işləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox  regionunda, hazırda isə qərb bölgəsinin Qazax və Ağstafa rayonlarında əsaslı təmir işləri həyata keçirir. Bu işlərə boru xətlərinin çəkilməsi və nasos stansiyaları  ətrafının abadlaşdırılması işləri daxildir.

Nəriman CAVADOV,

"Respublika".