Yeddi bacının qəhrəman şəhid qardaşı
Region

Yeddi bacının qəhrəman şəhid qardaşı

Şanlı  tariximizə  yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.  İgid oğullar  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də Kəlbiyev Telman Yadigar oğludur. Qəhrəman gizirimiz Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub. Şəmkirdə “N” saylı hərbi hissədə gizir olan Telman Kəlbiyev müharibənin ilk günlərindən ön cəbhədə olub.

Murovdağda Canavar postunun alınmasında həmlə bölüyünün komandiri kimi yaxından iştirak edib və Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Sağ ayağından qəlpə yarası alsa da döyüşlərə davam edib. 2 oktyabr 2020-ci ildə minaatan mərmisi ilə yaralanıb. Dekabrın 2-də Neftçala Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb.

Şəhid gizirin həyat yoldaşı Günay Kəlbiyeva deyir ki, Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub: “Müharibə başlayanda  Şəmkirdən gedən hərbçilərdən olub. Döyüşdə həmlə bölüyünün kamandiri olub. Sentyabrın 27-də ilk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib”.

Şəhidimiz  Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanır. Döyüşdə ilk yarasını orada alır. Döyüş yoldaşları söyləyir ki, sağ ayağından qəlpə yarası alan Telmana  belə getmə, qayıt, deyilsə də onların təkidinə baxmayaraq, döyüşə davam edib. Mövqeləri düşmən tərəfindən atəşə tutulur. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşür və Telman ayaqlarından ağır yaralanır. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olur.

Son dəfə Telman  sentyabrın 30-da ailəsi ilə əlaqə saxlayır. Həyat yoldaşına  bildirir ki, Murovdağdan qayıtmışıq. Çox çətin döyüş getdi, indi səsimi eşidirsənsə, bu möcüzədir yəni. O bilirdi ki, getdiyi yolun dönüşü olmaya bilər. Ən çox övladlarına görə nigaran idi. Dedi qayıtsam hər şey yaxşı olacaq, amma qayıtmasam, uşaqlara yaxşı bax. Ailəsi Telmandan 85 günə yaxın bir müddətdə xəbər ala bilmir. Nəhayət döyüş yoldaşları Telmanın şəhid olduğunu bildirirlər.

Döyüşçü yoldaşlarının xatirəsindən: minaatan mərmisinin partlaması nəticəsində Telmanın sağ ayağı ombadan sınıb, sol ayağı isə dizdən aşağı parçalanıb. Onu  döyüş meydanından çıxarmaq istəsələr də Telman vəziyyətin gərgin olduğunu görüb, qoymayıb. O da şəhid olmasın deyə, əsgər yoldaşına “get, yoxsa şəhid olacaqsan !” deyərək, yoldaşının getməsini istəyib. Döyüş yoldaşı ona qulaq asmayıb, kömək gətirməyə gedib. O da yaralandığı üçün hospitala aparıblar. Telmangil isə döyüş meydanında qalır. Atışma sakitləşəndən sonra şəhidlərin nəşini götürmək mümkün olur.

 Ailənin son beşiyi, yeddi bacının bir qardaşı, bir oğlunu anası qurbanla qarşılayır. Anası Telmanın tabutu önündə qurban kəsib gəlişinə şükür edir. Bu da bir Ana böyüklüyüdür.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident İlham Əliyevin  sərəncamlarına əsasən Telman Kəlbiyev ölümündən sonra “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Telman cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Vətən bölünməz--şəhidlər ölməz! Heç kim unudulmur, heç kim yaddan çıxmır.                                                                                        

                                                                                              Müşfiq MİRZƏ,

                                                                                                “Respublika”.