Şuşada təhsil infrastrukturu yenidən qurulur
Elm və təhsil

Şuşada təhsil infrastrukturu yenidən qurulur

Prezidentimizin uzaqgörən siyasəti və rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları nəticəsində Qarabağ erməni işğalçılarından azad edildi. Bununla da regionun yeraltı və yerüstü sərvətləri, mədəni-tarixi irsi öz həqiqi sahibinə qayıtdı.

Qarabağ bölgəsi özünün insan resursları, iqlim və landşaft, flora və fauna müxtəlifliyi, bərəkətli torpaqları, şəfalı suları ilə həmişə seçilib. Bu gün cənab İlham Əliyevin liderliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, smart kənd və şəhərlərin salınması və mədəni abidələrin bərpası işləri aparılır.

44 günlük müharibədən dərhal sonra Prezidentin işğaldan azad olunmuş ərazilərə getməsi və baş verən proseslərlə yerində tanış olması çox mühüm əhəmiyyət kəsb edirdi. Məhz bundan sonra Dövlət Proqramı qəbul olundu və həmin Proqrama uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə infrastrukturların bərpası ilə paralel olaraq Böyük Qayıdışın təmin olunması üçün görüləcək işlərin planı hazırlandı.

Doğma diyarımızın yenidən çiçəklənməsi, yeraltı və yerüstü təbii ehtiyatlarının öyrənilərək xalqın istifadəsinə verilməsində, kənd təsərrüfatı istehsalının yenidən fəaliyyətə başlamasında Azərbaycan elminin üzərinə mühüm vəzifələr düşür. Təhsil sisteminin bərpası da burada həyatın yenidən dirçəlməsi üçün zəruri şərtlərdən biridir.

İşğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Bu gün Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-cı illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Çünki təhsil həm müdafiə, həm də ixtisaslı kadrdır. Cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində formalaşır. Tarixin bütün dövrlərində təhsil insanların həyatında mühüm əhəmiyyət kəsb edib.

İşğaldan azad edilmiş torpaqlarda ilk zəng 2022-ci ildə Zəngilanın Ağalı kənd tam orta məktəbində çalındı. 360 yerlik ikimərtəbəli məktəbdə ilkin mərhələdə 60-dan çox şagird təhsil almağa başladı. Cari tədris ilində isə Füzuli və Laçın şəhərlərində yeni məktəb binaları istifadəyə verildi. Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə "Bilik Günü" keçirildi.

Ermənilər ərazilərimizdə 30 ilə yaxın müddətdə bütün təhsil infrastrukturunu darmadağın ediblər. Məktəb binalarından əsər-əlamət belə qalmayıb. Orta məktəb binaları, ali təhsil ocaqlarının vaxtilə yaradılmış filialları, orta ixtisas təhsili müəssisələri, peşə məktəbləri erməni vandalizminin qurbanı olub. O cümlədən, Şuşa Realnı Məktəbinin binasını yandıraraq xarabazara çeviriblər. 30 ildən sonra ilahi ədalət zəfər çaldı. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Onların qurduqları və neçə illərdən bəri ki, həyata keçirməyə çalışdıqları planları alt-üst oldu.

Qarabağın yenidən qurulması orada elmi tədqiqatların genişləndirilməsinə, təhsilin yenidən dirçəlməsinə mühüm töhfə olacaq. Bu gün biz sevinc hissi ilə deyə bilərik ki, Azərbaycan təhsili düz 30 il sonra Qarabağın döyünən ürəyi  Şuşaya qayıdır. Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühiti böyük rol oynayıb. Hazırda Şuşa şəhərinə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tarixi ənənələrinin qaytarılması, müasir mədəni inkişafın canlandırılması, təhsil müəssisələrinin bərpası və yenidən tikilməsi istiqamətində genişmiqyaslı işlər aparılır. İllər sonra uşaqlar zəfər tariximizi burada mənimsəyəcək, gəzdikləri torpağın dəyərini bir daha dərk edəcəklər.

Şuşa Azərbaycanın ilk dünyəvi məktəbinin təsis olunduğu məkandır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 12 may 2021-ci il tarixində Şuşa şəhərində 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cari il noyabrın 7-də sözügedən təhsil müəssisəsinin açılışında iştirak ediblər. 960 şagird yerlik üçmərtəbəli məktəb binası beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb. Yeni təhsil müəssisəsi müasir tələblərə cavab verməklə yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma dədə-baba yurduna qayıdan şagirdlərin müasir standartlara uyğun təhsil almasına imkan verəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".