“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
Elm və təhsil

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinə start verilib.

"Respublika"ya bu barədə nazirlikdən  məlumat verilib.

Festival-müsabiqə ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların (uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla) istedadlı şagirdləri arasında üç yaş qrupunda (6-10, 11-14 və 15-17) aşağıda qeyd edilə istiqamətlər üzrə keçirilir:

- ifa üzrə respublika müsabiqəsi;

- rəqs üzrə respublika müsabiqəsi;

- təsviri incəsənət və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsi;

- dram üzrə respublika müsabiqəsi.

Festival-müsabiqə aşağıda qeyd edilən mərhələlər üzrə keçirilir:

Rayon (şəhər) mərhələsi aprelin 15-dən 30-dək keçirilir. Regional təhsil idarələrinin təşkilatçılığı ilə rayon və şəhərlərdə yaradılmış münsiflər heyətinin iştirakı əsasında şagirdlərin seçimi aparılır. Rayon (şəhər) mərhələsində I yerin qalibi olanlar zona mərhələsində iştirak etmək hüququ qazanırlar.

Zona mərhələsi may ayında keçiriləcək. Rayon və şəhərlər üzrə I yerin qalibləri zona mərhələsində iştirak etmək hüququ qazanırlar. Qaliblər haqqında protokollar zona mərhələsi keçirilən regional təhsil idarəsində yaradılmış təşkilat komitəsinə təqdim edilir.

Final mərhələsi may ayında Bakı şəhərində keçiriləcək. Nominasiya və yaş qrupları üzrə I yerin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanırlar.

Qaliblərin mükafatlandırılması və yekun tədbir oktyabr ayında Bakı şəhərində keçiriləcək.