Suveren ərazilərimizin keşiyindəyik
Digər xəbərlər

Suveren ərazilərimizin keşiyindəyik

Postmüharibə dövründə bölgədəki gərginliyin azaldılması hədəflənsə də, Ermənistanın revanşist hissləri və bu minval ilə törədilən təxribatlar dayanıqlı sülhün əldə edilməsinə imkan vermir. Xüsusilə son dövrdə cəbhəboyu atəşkəsin pozulması faktları bunu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə hücum haqqında düşünür. Hərbi və diplomatik sferadakı məğlubiyyətlərdən sonra havadarlarının əli ilə yenidən ayağa qalxmağa çalışan haylar hər vəchlə Azərbaycana qarşı bədnam kampaniyalar aparırlar.

İlkin mərhələdə Laçın dövlət sərhədinin legitimliyinə kölgə salmağa çalışdılar, ardınca yolun gediş-gəliş üçün bağlı olduğunu bildirdilər. Növbəti dəfə isə bu şounu daha da genişləndirərək "humanitar böhran" adı altında beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etdilər. Lakin bu da tam mənada erməni xislətini əks etdirmirdi. Getdikcə törədilən təxribatların miqyasını genişləndirən mənfur düşmən bu dəfə TIR-ları Laçın dövlət sərhədinə cəlb etdi. Ardınca müxtəlif ölkə nümayəndələrini əraziyə dəvət edərək saxta ictimai fikir formalaşdırmağa cəhd etdilər. Lakin bütün sadalanan çirkin təxribatlar Azərbaycan dövləti tərəfindən dəf edildi. BMT-nin təcili iclasında məğlub olan Ermənistan bütün dünyanın gözü qarşısında həqiqətlərə boyun əydi. İclasda iştirak edən digər ölkə nümayəndələri də artıq anladılar ki, Azərbaycan haqq yolundadır və Ermənistan müxtəlif spekulyasiya və manipulyasiyalarla region üçün təhlükə törədir.

10 noyabr bəyanatı, ardınca Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dövlət sərhədinin legitimliyi ilə bağlı verdiyi qərar və avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün keçirilən təcili iclasda Ermənistanın məğlub olması revanşist hisslərin artmasına səbəb oldu. Təcavüzkarın bu "xüsusiyyəti" 30 ilə yaxın dövr ərzində də özünü büruzə verirdi. Ta ki, 44 günlük Vətən müharibəsində "Dəmir yumuruğ"un gücünü hiss edənə qədər. Məhz bundan sonra Ermənistan öz dövlətçiliyini itirmə təhlükəsi ilə üzləşmiş oldu və hay-həşirlər başladı. Hər kəs düşünürdü ki, artıq haylar sülh müqaviləsini ən qısa müddətdə imzalamaq haqqında düşünür. Daxili çəkişmələrdən təngə gəlmiş erməni xalqının dövlətdən iqtisadi uğur gözlədiyi bir vaxtda yenidən münaqişə ocaqları yaratma istəyi, Azərbaycanla güc savaşı üçün təkrar silaha əl atılmasının heç bir siyasi və məntiqi izahı ola bilməz. Bu, yalnız Ermənistan üçün intihar ola bilər. Cəbhəboyu pozulan atəşkəs və yaşayış yerlərimizin hədəfə alınması bunu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə "yeni ərazilər" xülyasına düşüb.

Digər bir məqam isə Ermənistanda elan olunmayan səfərbərliyin başlaması reallığıdır. Rəsmi olmasa da, bölgədə baş verən hərbi hərəkətlilik bunu deməyə əsas verir. Belə ki, Ermənistanda ehtiyatda olan birinci və ikinci qrupa daxil olan hərbçilər - sıravi, gizir və zabit heyəti təlimə çağırılır. Onlar motoatıcı, rabitə, artilleriya, mühəndis, kəşfiyyat sahələri üzrə əsgər və yüksək rütbəli zabitlərdir. Yerli mediada bu vəziyyətlə bağlı ehtiyatda olan hərbçilərin çağırış məntəqəsinə toplanışına dair video yayılıb. Həmin videoda yaxınları onları alqışlayır, xidmətə yola salırlar. Hərbçilərin silah, sursat, ərzaq çantası ilə birgə görüntüləri də əks olunur. Hərbçilərin sifətindəki üzüntüdən isə onların əzab çəkdiyi və həyəcanının çox olduğu görünür. Çünki ehtiyatda olan hərbçiləri təlim-məşq toplantısına adətən belə silah-sursat, ərzaqla dolu çanta ilə göndərmirlər. Bu, döyüşə, cəbhəyə gedən hərbçi təsiri bağışlayır.

Ermənistan Müdafiə Nazirliyi isə uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır. Mütəxəssislər hesab edirlər ki, Ermənistan ehtiyatda olan sıravi, gizir və zabitləri təlim-məşq toplantısına çağırış adı altında gizli səfərbərlik kampaniyasına başlayıb. Son günlər İrəvanın Moskva ilə münasibətlərində yaranan gərginlik isə müharibənin, yaxud təxribatın başlayacağına daha bir işarədir. Çünki Azərbaycanla Ermənistan arasında atəşkəsin təminatçısı sülhməramlı missiyasına görə məhz Rusiyadır. Müharibəyə başlamaq üçün rəsmi İrəvan Moskva ilə münasibətləri pozaraq 2020-ci il 10 noyabr bəyanatından boyun qaçırmaq istəyir. Ermənistanın növbəti təxribat əməlindəki əsas hədəfin Zəngəzur olması isə istisna edilmir. Belə ki, ümumən türk dünyasının Zəngəzur üzərindəki nəzər-diqqəti hayların qısqanclığına səbəb olur ki, bu məsələdə onlar tək deyil. Münaqişənin bu istiqamətdə baş verməsi istənilən halda İranı məsələyə cəlb etmək ola bilər. Çünki cənub qonşumuzun Zəngəzur dəhlizi ilə bağlı fikirləri haylarla eynilik təşkil edir.

Haylar isə iddia edir ki, Azərbaycan ilk növbədə əraziyə hərbi qüvvə cəlb edir və hücum etmək niyyətindədir. Ermənistan bu yolla növbəti dəfə spekulyasiya və manipulyasa yolunu seçir. Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı və təlimləri ilin istənilən zamanında reallaşdırıla bilər. Öz suveren ərazilərimizdə tapşırıqların yerinə yetirilməsi hər hansı bir təhdid daşımır. Lakin bu addımı bəhanə edərək hücuma keçmək istəyən hayların növbəti planı bu zaman gün üzünə çıxmış olur. Bununla yanaşı, "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.

"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyən Hikmət Hacıyev Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib. Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. "Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir", - Hikmət Hacıyev bildirib.

Sözügedən silah sistemləri Rusiya sülhməramlılarının müşahidəçiliyi ilə yaxın günlərdə bölgəyə transfer edilmişdi. Həmin texnikalar Hindistandan 250 milyon dollarlıq müqavilə əsasında alınmış və İran üzərindən bölgəyə gətirilmişdi. Azərbaycanın səbir kasasını daşırmanın nəticələrini yaxşı dərk edə bilməyən mənfur düşmən özü öz sonunu yaxınlaşdırır. Azərbaycan isə öz suveren ərazilərinin keşiyindədir. Ərazi bütövlüyümüzə qarşı hər hansı bir təhdid qüdrətli ordumuz tərəfindən dəf ediləcəkdir.

Nurlan ABDALOV,

"Respublika".