Ermənistanın beynəlxalq arenadakı rəzilliyi böyük güclərin ondan üz çevirməsi ilə nəticələnər
Digər xəbərlər

Ermənistanın beynəlxalq arenadakı rəzilliyi böyük güclərin ondan üz çevirməsi ilə nəticələnər

Azərbaycan İkinci Qarabağ savaşında qələbə qazanmaqla 30 illik erməni işğalına son qoydu. Ölkəmizin bu tarixi qələbəsi regionun geosiyasi vəziyyətinin dəyişməsinə gətirib çıxardı. Hayların son zamanlarda Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətdə qalmaqal yaratmaq cəhdi də nəticəsiz qalıb. Belə ki, Ermənistan rəsmilərinin israrla Laçın yolu ilə bağlı Azərbaycana qarşı sanksiya tətbiq etmək çağırışlarına heç bir reaksiya verilməyib. Görünür, artıq böyük güclər belə erməni fitnəkarlığından təngə gəliblər. BMT Təhlükəsizlik Şurasının sonuncu iclasına nəzər yetirsək, bunu daha aydın görmək mümkündür. Ermənistana gəldikdə isə xain düşmən hələ də vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini həzm edə bilmir. Rəsmi İrəvanın ABŞ-ı iclası yönləndirməkdə ittiham etməsi də bunun əyani sübutudur.

Ümumiyyətlə, son zamanlarda ABŞ-dakı erməni lobbisinin fəaliyyətində ard-arda uğursuzluqlar müşahidə olunur. Həmin lobbi Azərbaycana qarşı İrəvanı dəstəkləmək üçün rəsmi Vaşinqtona təzyiqlər etsə də, Birləşmiş Ştatların siyasi elitası buna məhəl qoymur. Şübhəsiz, bunun bir sıra strateji və siyasi səbəbləri var. Məsələn, Amerikanın Erməni Milli Komitəsinin ABŞ siyasətçilərinə etdiyi müraciətlər qulaqardına vurulub. Nadir hallarda isə sırf "xala-xətri qalmasın deyə" Adam Şiff, Bob Menendesin timsalında bir sıra açıqlamalar verilir. Bir məqamı da qeyd edək ki, siyasi rəhbərlik səviyyəsində olan bu açıqlamalar "Azərbaycan və Ermənistan arasındakı fikir ayrılığı diplomatik və sülh yolu ilə həll olunmalıdır" müstəvisindən əsla kənara çıxmır.

Ümumiyyətlə, ABŞ-ın son illərdə haylara dəstəyinin azalması və diasporun təkidlərinin qulaqardına vurulması səbəbsiz deyil. İlk olaraq Ermənistanın ən böyük müttəfiqlərindən birinin İran və Rusiya olmasıdır. Burada Rusiyanın adını qeyd etsək də, son zamanlarda iki ölkə arasındakı soyuq küləklərdən hər kəsin xəbəri var. Bütün bunlara baxmayaraq, Ermənistanın Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamaq əvəzinə, Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə qoşulmağı da ABŞ-ı qıcıqlandıra bilər. Ermənistanın bu cür ziddiyyətli fəaliyyəti, şübhəsiz ABŞ-ın və Qərbin gözündən qaçmır. Həmçinin, Ermənistan bu yaxınlarda İranla enerji əməkdaşlığına dair memorandum da imzalayıb. Hayastanın mollalarla olan əməkdaşlığı sadəcə bununla da yekunlaşmır. Belə ki, İranın Qafanda konsulluq açması və Tehranla silah alışı ilə bağlı imzalanan müqavilə də iki ölkə arasındakı "qardaşlıq" münasibətlərinin təzahürüdür. Ermənistan unudur ki, bununla bir daha Qərbin maraqlarına zidd hərəkət edir. Çünki hayların Qafanda konsulluq açması Qərbin marağında olduğu Zəngəzur dəhlizinə qarşı yönəlmiş addım hesab olunur. Eyni zamanda, İrəvan Tehrandan PUA və raket tədarük etməklə də ABŞ-ın qırmızı xəttini keçir. ABŞ tərəfindən uzun illər İrana qarşı sanksiyaların tətbiq edildiyi sirr deyil. Bu baxımdan, İranla canbir qəlb olan dövlətlərin ABŞ-ın qara siyahısına düşməsi də təsadüfi deyil. Paşinyan hakimiyyəti silah alışı ilə "sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə" qanununu da birbaşa pozmuş olur. Mənfur haylardan fərqli olaraq Azərbaycan NATO-nun üzvü olan Türkiyə ilə mədəni, iqtisadi və təhlükəsizlik sahələrində sıx əlaqələrə malikdir və bu əlaqələr günbəgün daha da şaxələnir. Ölkəmiz, həmçinin Avropanın enerjiyə olan tələbatını ödəmək üçün qlobal layihələrə imza atır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olan ölkə kimi müəyyənləşib. Azərbaycan və İran arasındakı bir sıra fikir ayrılıqları da rəsmi Vaşinqtonun diqqət mərkəzindədir. Yürütdüyü uğurlu siyasət ilə Azərbaycan Qərb üçün əvəzolunmaz strateji tərəfdaşa çevrilib. Bunun uzun illər dəyişməz olaraq qalacağını da tərəddüdsüz söyləyə bilərik. Ermənistanın İranla yaxınlığı ilə müqayisədə, Azərbaycan Türkiyə ilə birgə təlimlər keçir ki, bu da birbaşa NATO standartı və NATO tərəfdaşlığından xəbər verir. Bundan başqa, İsrail ölkəmiz üçün əsas silah tədarükçülərindən hesab olunur. Ermənistan isə bu işdə İrana və Hindistana üz tutub. Üstəlik haylar Hindistandan aldığı silahları İran vasitəsilə daşıyır. Doğrudur, əvvəllər ABŞ işğalçı ölkəyə milyardlarla dollarlıq humanitar yardım göndərməklə ona dəstək verib. Ermənistan isə hər zaman olduğu kimi, xain xislətini ortaya qoyaraq ABŞ-ın xoşlamadığı ölkələrlə əməkdaşlıq edir, hərbi alyanslara qoşulur, silah alveri edir. Belə olduğu təqdirdə isə ABŞ-ın siyasi və hərbi elitasının Qafqazda uzun illər dilənçi kimi ianələr hesabına yaşayan, heç bir strateji mövqeyi və zənginliyi olmayan Ermənistana görə, günü-gündən inkişaf edən, regionda söz sahibi olan, Avropanı enerji ilə təmin edən Azərbaycanı üstün tutması təsadüfi deyil. Çünki Ermənistan hər keçən gün diplomatik sahədə biabırçı məğlubiyyətə düçar olur. Ölkəmiz isə əksinə, mövqeyini daha da gücləndirir, xarici siyasət sahəsində daha uğurlu addımlar atır.

Nəzrin ELDARQIZI,

"Respublika".