SUVERENLİYİMİZİN TAM BƏRPASI
Digər xəbərlər

SUVERENLİYİMİZİN TAM BƏRPASI

Xalqımız əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq və hüquqlarını qorumaq uğrunda mübarizə aparıb, rəşadət, qəhrəmanlıq nümunəsi göstərib. Lakin buna baxmayaraq, tarixin müxtəlif dönəmlərində xarici düşmənlərin təzyiqi ilə soydaşlarımız öz doğma torpaqlarından, ata-baba yurdlarından məhrum edilib.

XX əsr bu baxımdan ölkəmizə çoxlu faciələr, müsibətlər gətirib. Tarixə nəzər salaq. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə İrəvan şəhəri siyasi mərkəz kimi Ermənistana verilib. İrəvan faktiki olaraq haylara bağışlanılıb. Bu, Azərbaycan Demokratik Respublikası tərəfindən tarixi səhv, bağışlanmaz addım olub.

Əslində Azərbaycan Milli Şurasının İrəvanın və ətraf ərazilərin ermənilərə verilməsini nəzərdə tutan qərarı xalqın razılığı olmadan, referendum keçirilmədən qəbul olunub. Ona görə də bu qərar qeyri-qanunidir, onun legitimliyi yoxdur. Eləcə də Zəngəzur və Göyçə  mahalı qanunsuz olaraq sovet hökumətinin təzyiqi ilə ermənilərə verilib.

Torpaq ana kimi əzizdir, müqəddəsdir. Torpaq Vətəndir, onu qorumaq şərəfdir, vətəndaşlıq borcudur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ ermənilərin hücumuna məruz qalanda vətənpərvər, görkəmli ziyalı Üzeyir Hacıbəyov ingilis generalı Tomsonla danışığa gedib. Üzeyir bəy generala deyib:

 - Cənab general, biz Qarabağa 30 minlik qoşun göndərib torpaqlarımızı azad edəcəyik.

Tomson: Bu mümkün olan iş deyil.

Üzeyir bəy: Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Əgər İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə edərsiniz?

Tomson: Bu bəllidir, biz qiyamı yatırarıq.

Üzeyir bəy: İcazə verin, biz də gedib qiyamı yatıraq, torpaqlarımızı azad edək.

Bundan sonra Tomson razılıq verərək deyib ki, gedin, torpaqlarınızı azad edin. O vaxt Azərbaycan ordusu türk qardaşlarının köməyi ilə Andranikin, Dronun qoşununu məhv edərək Qarabağı işğaldan azad etdi.

Tarix isə təkrarlanır. 1988-ci ildən başlayaraq məkrli, hiyləgər, namərd qonşularımız havadarlarının siyasi və hərbi dəstəyilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı zorla əzəli yurd yerlərindən, doğma ocaqlarından çıxardılar, Qarabağı işğal edib torpaqlarımızın 20 faizini ələ keçirdilər. Bir milyondan çox soydaşımız 30 ilə yaxın məcburi köçkün həyatı yaşamalı oldu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində müharibə şəraitində olan ölkədə sabaha ümid tükənmişdi. İqtisadiyyat tənəzzül mərhələsini yaşayırdı, orduda  vahid komandanlıq yox idi. Ölkəni müstəqilliyini itirmək, vətəndaş müharibəsi, parçalanma təhlükəsi bürümüşdü. Belə ağır, çətin dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev vəziyyəti düzgün qiymətləndirərək əsaslı islahatlara başladı. İlk növbədə, daxili sabitlik bərpa olundu, ölkənin inkişaf strategiyası müəyyənləşdirildi, ordu quruculuğu sahəsində mühüm  addımlar atıldı. Ulu öndər yaxşı bilirdi ki, işğal altındakı torpaqları geri qaytarmaq üçün həm müasir, güclü ordu, həm də diplomatik sahədə uğurlar qazanmaq zəruridir.

Müdrik rəhbərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordu ilə xalqın sıx birliyi sayəsində 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə, böyük zəfərə nail olduq.

İkinci Qarabağ müharibəsinin müjdələri isə hələ Aprel döyüşlərindən eşidilirdi. Ermənistan Qarabağ torpaqlarının işğalına 3 il vaxt sərf etmişdisə, Azərbaycan cəmi 44 günə tarixi torpaqlarını geri qaytardı. Torpaqlarımıza göz dikənlər gördülər ki, Azərbaycan 30 il əvvəlki məmləkət deyil, güclü iqtisadiyyata, müasir orduya malik, ərazi bütövlüyünü öz gücünə bərpa edən qüdrətli, sivil bir dövlətdir. Böyük qələbə, şanlı zəfər müstəqil Azərbaycanın gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Müzəffər ordumuz bu günlərdə daha bir qələbəyə imza atdı. Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla işgüzar görüşü çərçivəsində dövlətimizin başçısı mətbuata verdiyi bəyanatında bu barədə deyib: "Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir".

Qərbi Azərbaycandakı ata-baba torpaqlarımıza qayıdışa da az qalıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə tezliklə ədalət zəfər çalacaq, soydaşlarımız doğma yurd yerlərinə dönəcəklər.

Bəli, xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı zəfərimiz, bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu antiterror tədbirləri və suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Məlik ABIŞOV,

Lənkəran rayonunun Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə.