XX əsrin bəlası –Deportasiya
Digər xəbərlər

XX əsrin bəlası –Deportasiya

Strateji hədəf Qərbi Azərbaycana qayıdışdır

“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrindən biridir.

Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə ilə sərhəd olan bu diyar çağdaş dünyada Ermənistan Respublikası adı ilə erməni-hay dövləti kimi tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.

Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk abidələrinə sahib çıxması XIX əsrdə geniş vüsət almışdır. Bununla kifayətlənməyən erməni vandalları özününküləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırdılar. Buna görə də tarixi mənbələrdə “məscid və minarələr şəhəri” kimi qeydə alınan İrəvanda bu gün bir məscid qalmışdır ki, onu da faşistxislətli ermənilər dünya ictimaiyyətinə fars məscidi kimi təqdim edirlər. Neçə-neçə rus generalının başını aşağı endirən, rusların 25 illik fasiləsiz hücumlarına mətanətlə sinə gərən məşhur İrəvan qalasının bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar sarayı, onun Güzgülü salonu artıq bir nağıldır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvanda bir dəfə özlərinə dövlət qurmuşlar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir.

Göyçə mahalı İrəvan xanlığının qədim bölgələrindən biri olub. Göyçə gölünün sahilində yerləşən rayonlar bu mahala daxil idi. Onun sərhədləri Ağmanqan, Gözəldərə və Şahdağ silsilələrini əhatə edirdi. Göyçə mahalı həm ərazisi, həm də əhalisinin sayına görə İrəvan xanlığının ən böyük mahalı hesab edilirdi. Bura indiki Ermənistan ərazisindəki Çəmbərək (Krasnoselo) rayonunda yerləşən Toxluca, Ağbulaq, Ardanış, Cil kəndləri, Basarkeçər, Qaranlıq (Martuni), Kəvər (Kamo) rayonlarının əraziləri daxil idi.  

1920-ci ildə Azərbaycan  torpaqlarının bir hissəsinin sovet hakimiyyətinin köməyi ilə Ermənistana verilməsi xalqımıza vurulan daha bir zərbə oldu. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar yenidən deportasiyaya məruz qaldılar. 150 mindən çox soydaşımız ən ağır şəraitdə Azərbaycanın aran bölgəsində, ilanmələyən çöllərində məskunlaşdırıldı.  

1980-ci illərin sonlarında Qərbi Azərbaycandakı soydaşlarımız yenidən erməni xəyanətinə tuş gəldilər. Daşnaklar “Azərbaycanlılarsız Ermənistan” ideyası həyata keçirirdi. 1988-ci ildə şovinist “miatsum” hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı. 1988-ci ildə erməni vandalları son deportasiyanı da qəddarlıqla həyata keçirdilər. Hətta balaca uşaqlar su borularına doldurulduqdan sonra boruların hər iki başı qaynaqlandı. Bu vəhşiliyi dünyanın heç bir milləti edə bilməzdi, ancaq erməni cəlladları etdi.

Artıq 35 ildir ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin düşmüşlər. Yaşlı nəslin nümayəndələri qəribsəmiş yurd yerlərindən ötrü bərk darıxırlar. 2020-ci ildə Qarabağın işğal altında olan əraziləri düşmən tapdağından azad olunduqdan sonra Qərbi azərbaycanlılarda əzəli torpaqlarına qayıdış inamı birə-beş artdı. Onlar əmindirlər ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində çox tezliklə Qərbi Azərbaycandakı yurd yerlərinə qayıdış da reallaşacaqdır.

Mən əslən Göyçədən –Basarkeçər rayonunun Böyük Məzrə kəndindənəm. Uzun illərdir ki, Özbəkistan Respublikasında yaşayıram. Yurd həsrəti qəlbimi göynədir. İnanıram ki, günlərin birində köç karvanlarına qoşularaq aşıqlar yurdu Göyçə mahalına dönəcək, yenidən Göyçə gölünün nəğməli sahillərini gəzəcəyəm.

2022-ci il dekabr ayının 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Bu toplantıda ölkə başçısı bildirdi ki, xalqımıza ermənilərin tötətdiyi ədalətsizliklər dünya ictimaiyyətinə çatdırılacaq, Ermənistanın vəhşi hərəkətlərinə son qoyulacaqdır. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması oldu.

Bu isə deməyə əsas verir ki, daha bir strateji hədəfimiz Qərbi Azərbaycana qayıdışı reallaşdırmaqdır.

Arif NİFTALİYEV,

Özbəkistan Respublikası, iş adamı.