Şvabenin timsalında Qərbin əsl siması(zlığı)
Siyasət

Şvabenin timsalında Qərbin əsl siması(zlığı)

Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən qış sessiyasının ilk günündə Almaniyanın nümayəndəsi Frank Şvabe belə bir təşəbbüslə çıxış etdi ki, guya Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bütövlükdə qərəz dolu çıxışın sonunda Şvabe məsələni səsə qoymağı təklif etdi ki, Azərbaycanın nümayəndə heyəti birillik müddətinə, yəni 2025-ci ilin yanvar ayına qədər AŞPA-nın iclaslarında, o cümlədən səsvermədə iştirak etmək və digər hüquqlarından məhrum edilsin. Təəssüflər olsun ki, anti-Azərbaycan qüvvələrinin çoxluq təşkil etdiyi AŞPA-da bu təşəbbüs dəstəkləndi və ölkəmizin nümayəndə heyəti iştirakdan məhrum edildi. Bundan sonra təbii ki, ölkəmiz məsələyə haqlı irad bildirdi və bir müddət susqunluq dövrü yarandı.

Lakin cibləri boşalan almaniyalı deputatın erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı qərəzi dayanmaq bilmir. Sosial demokratların nümayəndəsi olan Frank Şvabe sosial şəbəkədə Azərbaycana olan nifrətini püskürməyə davam edir. "Boğazdan yuxarı" danışan Şvabenin siması(zlığı), səriştəsi(zliyi) və acgözlülüyü ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu aşağı salmağa, bu gün müsbət səviyyədə olan Azərbaycan-Almaniya arasında mövcud ikili əlaqələrin pozulmasına xidmət edir. Çünki Azərbaycanın qlobal miqyasda artan nüfuzuna paralel, rəsmi İrəvanın cılızlığı, infantil siyasəti erməni lobbisini ciddi təşvişə salıb. Bu baxımdan "AŞPA variantı"ndan sonuna qədər istifadə etmək istəyən qüvvələr aktivləşməyə başlayıb.

Frank Şvabenin hələ yanvar ayındakı hərarətli çıxışında xüsusi həssaslıq müşahidə edilirdi. Hiss olunurdu ki, almaniyalı deputat AŞPA pəncərəsindən çıxış etmir, onun ölkəmizə qarşı şəxsi nifrəti var. Sadalanan insan haqları məsələsi, öhdəliklər əslində bir bəhanə idi. Məsələnin kökündə isə dərin intiqam hissi dayanırdı. Bu Azərbaycanın Qarabağda əldə etdiyi zəfər və ötən ilin sentyabrında antiterror tədbirləri zamanı Xankəndi və digər ərazilərin də nəzarətə götürülməsi, erməni terrorçuların qandallanaraq Bakıya gətirilməsindən qaynaqlanan kin idi. Digər tərəfdən Frank Şvabenin özünün siyasi sferasına baxsaq, artıq 20 ildir ki, Bundestaqın üzvüdür və zaman-zaman Azərbaycana, Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı özünün irqçi, faşist çıxışları ilə seçilir. Bu, onun son deputatlıq dönəmidir. Təbii ki, bu baxımdan almaniyalı deputat diqqətdə qalmaq, erməni diasporunun, dolayısı ilə Fransanın və Avropanın bəzi ermənipərəst güclərinin dəstəyini qazanmağa çalışır. Elə də populyar olmayan deputat alovlu anti-Azərbaycan çıxışları ilə bir növ gündəmdə qalmaq istəyir. İsveçdə, Norveçdə Quranı yandıran bəzi "aktivistlər"dən fəaliyyəti ilə heç də fərqlənməyən Frank Şvabe radikal düşmən kimi davranmağa cəhd edir.

"O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun irqçi deputat Frank Şvabenin son günlərdə səsləndirdiyi fikirlərlə bağlı cavabı tam olaraq qəlibə oturub. Belə ki, Şvabe həqiqətən də bir növ siyasi terrorçuluqla məşğul olur, yalan və qərəz dolu fikirlərlə həm özünün, həm ölkəsi Almaniyanın, həm də AŞPA-nın nüfuzunu yerdən-yerə vurur. Quruma olan etimadı azaldan F.Şvabe Avropa deputatına yaraşmayan səhvlərə yol verir. Məlumdur ki, Azərbaycanla AŞPA arasında bərabərhüquqlu bir anlaşma var. Ölkəmiz Avropa Şurasına Ermənistanla eyni vaxtda, 2001-ci ildə tamhüquqlu üzv olaraq daxil olub, üzərinə bəzi öhdəliklər götürüb. Yəni bərabərhüquqlu anlaşmanı ciddi şəkildə pozan AŞPA Azərbaycana qarşı diktə dili ilə danışmağa cəsarət etdi, lakin sonda yenə öz istəyinə nail ola bilmədi. Çünki Azərbaycan hansısa maraqlardan çıxış edən şəxslərin fikirləri ilə oturub-duran ölkə deyil, bunun üçün Ermənistan daha uyğun seçimdir. Digər tərəfdən, AŞPA-nın da Azərbaycan qarşısında bəzi öhdəlikləri var. 30 ildir şurada ölkəmiz tərəfindən qaldırılan məsələlər heç vaxt öz həllini tapmayıb. Sərhədlərinin toxunulmazlığı, ərazilərinin işğaldan azad edilməsi barədə AŞPA indiyə kimi tutarlı bir bəyanat verməyib. Həmin o Frank Şvabe heç bir zaman Ermənistana "işğalı durdurun" deməyib. Amma bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Frank Şvabe və onun timsalında quldur dəstənin digər üzvləri Azərbaycana qarşı təhdid, şantaj xarakterli məlumatlar verirlər. Əslində məsələ heç Şvabelik də deyil. Almaniyalı deputat sadəcə bir fiqurdur, onun heç bir siyasi çəkisi yoxdur. Reqlamentə əsasən, bu məsələni qurumda kimsə qaldırmalı idi. Çünki bu gün hayların "qoruyucu mələyi" olan Fransa onların "qan itirməsi"nə göz yuma bilməzdi. Şvabenin kölgəsində daha böyük qüvvələr dayanıb ki, hazırda onlar Ermənistanla Azərbaycan arasında sülhə mane olmaq, əgər bu plan baş tutmasa, prosesə diktə etmək istəyirlər. Lakin Azərbaycanın heç bir vasitəçiyə ehtiyacının olmadığı bəllidir. Ölkəmiz necə ki, regionda sabitliyi özü, təkbaşına bərqərar etdi, eləcə də sülhün imzalanmasında da əlavə qüvvələrin dəstəyinə ehtiyac duymur.

Fransa riyakar mövqeyini davam etdirir. İlin əvvəlindən sürətlə inkişaf edən Almaniya-Azərbaycan münasibətlərindən qıcıqlanan Yelisey sarayı almaniyalı deputatın vasitəsilə ölkəmizə hücum etməklə bir növ "bir daşla iki quş vurmaq" istəyir. Bu ölkədəki səfirliyimizə hücumlar edən, Natəvanın heykəlinə qarşı vandallıq törədən şəxslərə qarşı heç nə etməyən polis bu gün ölkədə kütləvi etirazların qarşısını ala bilmir. Bu isə öz növbəsində, ədalətin gerçək üzüdür. Etirazçılara qarşı şiddət göstərən Fransa hökuməti Azərbaycanı insan haqlarının pozulmasında günahlandırır. Emmanuel Makron beynəlxalq müstəvidə ölkəmizin nüfuzuna xələl gətirmək istəyir. Almaniya ilə Azərbaycan arasında münasibətləri korlamaq istəyən Fransa ağır ətalətdən əziyyət çəkir. Prezident İlham Əliyev təkcə bu ilin 4 ayı ərzində Almaniyaya 2 dəfə səfər edib ki, burada da ölkəmiz yüksək səviyyədə təmsil olunub.

Digər tərəfdən, Qərb avrosentrizmin maraqlarının diktəsinə davam edir. Avropalılar "ən mükəmməl toplum" kimi məhz özlərini görürlər. Buna əyani misal olaraq qeyd etmək olar ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel çox yox, cəmi 2 il əvvəl "irqçi və diskriminasiya ehtiva edən" fikir səsləndirərək, "Avropanın bir bağça, ətraf ölkələrin isə cəngəllik" olduğunu demişdi. Bu gün həmin o bağça tənəzzülə doğru irəliləyir, etirazlar qitəni parçalanmağa doğru aparır. Cəngəllik hesab etdiyi qeyri-avropa ölkələri isə bu gün sürətlə inkişaf edir. Afrika ölkələri ilə artan əlaqələrimiz, Qoşulmama hərəkatına sədrliyimiz dövründə müstəmləkə xalqlarına qarşı azadlıq çağırışlarımız, həmçinin türk dünyasında atdığımız əmin addımlar həmin dairələri ciddi narahat edir. Qərb isə 6-7 əsr əvvələ, öz ibtidai dövrünə doğru yuvarlanır. Bu baxımdan, ölkəmizə qarşı təzyiqlər də təbii olaraq artır.

Ölkəmiz cənab İlham Əliyevin hakimiyyəti dövründə dinamik sürətlə inkişafa qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq bərpasının memarı olan ölkə başçımız bu gün qlobal uğurlara imza atır. 3 il yarım öncə Azərbaycanın haqq işinin bərpası prosesi bu gün artıq Qərb köləliyindən çıxaraq azad olmaq istəyən xalqların öz müqəddəratını təyinetmə missiyasına çevrilib. Bir sözlə, "daş qayaya" rast gəlib. Əsrlərdir, öz çirkin əməllərini gizlədən Avropa üçün məhz bu dövr hesablaşma zamanıdır. Azərbaycan isə təkbaşına həmin qüvvələri öz yerinə oturtmaq gücünə malikdir. Yekunda Frank Şvabe kimi fiqurlar şahmat taxtasının üzərində sadəcə bir piyada funksiyasını icra edir. Əsl oyunçular kiçik fiqurun arxasında gizlənərək üzə çıxmağa cəsarət etmirlər. Lakin bu ətalət sona qədər davam edə bilməz. Belə ki, "Şah" (Azərbaycan) yekunda bütün qara fiqurları oyundan çıxarmaq üzrədir.

Tacir SADIQOV,

"Respublika".