Tarixə çevrilən qürurverici Zəfər paradı
Digər xəbərlər

Tarixə çevrilən qürurverici Zəfər paradı

Xankəndi şəhərində 8 Noyabr - Zəfər bayramının üçüncü ildönümünə həsr olunan paradın keçirilməsi Azərbaycanın müasir tarixinə ən qürurverici günlərdən biri kimi yazıldı. Bu tarixi gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin paradda çıxışı düşmənə və onun havadarlarına torpağın əsl sahibinin kim olduğunu xatırlatmaqla yanaşı, onlara revanşist hisslərini, məkrli planlarını bir kənara qoymaları üçün ciddi mesaj idi.

Reallıq ondan ibarətdir ki, tarixi torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində haqq-ədalət bərpa olundu. 20 sentyabr 2023-cü il bizim tariximizdə əbədi qalacaq, necə ki 8 Noyabr tarixi belə unudulmaz günlərdən biridir. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü, sentyabrın 20-də isə dövlət suverenliyini tam bərpa etdik. Bununla da separatçıların kitabı bağlandı. Bu tarixi Qələbə Prezident İlham Əliyevin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu bir xalqın öz lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir.

Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. Sübut etdi ki, sözü imzası qədər keçərlidir, nəyi, necə, nə vaxt etmək lazımdır, yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz Prezident cənab İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Zəfər günündə Xankəndidə keçirilən hərbi parad bunun bir daha əyani sübutu oldu. Prezident İlham Əliyev çıxışında 20 il öncə Azərbaycan xalqına verdiyi vədi xatırladaraq deyib: "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq". Bu gün yaşadığımız qürur və sevinc onu deməyə əsas verir ki, ölkə başçısının sözü və əməli bir-birilə hər zaman vəhdət təşkil edib.

Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi.

Prezidentin çıxışında söylədiyi hər bir fikir Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına mühüm mesaj idi. Dövlət başçısı çıxışında deyib: "Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz".

Azərbaycan yeni müharibə istəmir. Bizə müharibə lazım deyil. Azərbaycan öz haqq işini uğurla yerinə yetirdi. Haqq-ədaləti, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Bundan sonra bizim üçün ən önəmli məsələ işğaldan azad etdiyimiz əraziləri yenidən qurmaq, keçmiş qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmalarını həyata keçirmək və həmin ərazilərin Azərbaycan və dünya iqtisadiyyatına reinteqrasiyasını reallaşdırmaqdır. Məlumdur ki, Azərbaycan dövləti xaricdən bir manat belə dəstək almadan bütün bu quruculuq işlərini təkbaşına həyata keçirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin siyasi iradəsi bütün bunları öz gücü ilə həll etmək iqtidarındadır.

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.