Qarşılıqlı maraqlara əsaslanan münasibətlər
Digər xəbərlər

Qarşılıqlı maraqlara əsaslanan münasibətlər

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə səfərindən "Azov" batalyonunun 5 komandiri ilə birgə qayıtması, Rəcəb Tayyib Ərdoğanın "Ukrayna NATO üzvü olmağa layiqdir" deməsi və İsveçin Alyansa qəbul olunmasına razılıq verməsi Rusiyada narahatlıqla qarşılanıb. Kreml bundan sonrakı razılaşmalarda ehtiyatlı davranacağını bildirərək, bir növ Ankaraya tam inanmayacağını dolayısı yolla dilə gətirib və baş verənlərlə bağlı Ankaradan cavab gözlədiyini deyib. Türkiyə lideri də müvafiq açıqlamanı verib, bu məsələləri Vladimir Putinlə avqustdakı görüşdə müzakirə edəcəyini bildirib.

Maraqlı məqam odur ki, Ərdoğanın bu cavabından sonra Moskvanın ritorikası dəyişib, Dmitri Peskov ölkəsinin Türkiyə ilə çoxvektorlu əlaqələr üzrə münasibətlərini davam etdirməkdə maraqlı olduğunu vurğulayıb. Bu açıqlama isə Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulduğuna dair iddiaları yalanlayıb. Görünən odur ki, iki ölkə arasında əlaqələr davam edəcək. Əslində, bu təəccüblü deyil. Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirir ki, Moskva indiki dövrdə Ankaraya aqressiv reaksiya verə bilməz. Çünki Türkiyə Rusiyanın sayılı əməkdaşlarından biridir: "Türkiyə Rusiya üçün iqtisadi sahədə də həyati əhəmiyyət daşıyır. Çünki Moskva indi Türkiyədə enerji habı qurmaqda maraqlıdır ki, öz neft və qazını dünya bazarına çıxara bilsin. Müharibənin nə zaman bitəcəyinin məlum olmadığını düşünsək, Rusiya indiki məqamda yeganə imkanını əldən vermək istəməyəcək.

Moskvanın Türkiyə ilə əlaqələrini davam etdirməkdə maraqlı olmasının digər bir səbəbi Ankaranın beynəlxalq sferada artan roludur. Hazırda Ərdoğan hökuməti dünyanın iki qütbü ilə də müzakirələr apara bilən yeganə gücdür. Bu səbəbdən də həm Rusiyanın, həm də qərbin Türkiyənin körpü funksiyasına ehtiyacı var. Çünki Ukraynadakı müharibə illərlə davam edə bilməz, bu, bütün tərəflərin zərərinədir. Amma görünən odur ki, hərb yolu ilə məsələyə son qoymaq mümkün deyil,  müharibə danışıqlar masasında bitməlidir. Sözsüz ki, tərəflər arasında diplomatik kanallar bağlı olduğundan burada vasitəçiyə ciddi zərurət yaranır.

Bu səbəblərdən də Rusiya-Türkiyə münasibətləri korlanmayacaq. Moskva hazırda Ankaraya yeganə nəfəslik kimi baxır və Ukraynadakı müharibədə ciddi uğur əldə etmədiyi müddətcə bu ritorikasını dəyişdirməsi mümkün deyil".

Jalə QASIMZADƏ,

"Respublika".