Tarixi torpaqlarımıza qayıdış quruculuq işlərinə stimuldur
Digər xəbərlər

Tarixi torpaqlarımıza qayıdış quruculuq işlərinə stimuldur

Ötən gün Bakıdan Laçına daha bir köç karvanı baş tutub. 44 günlük müharibədə işğaldan azad edilən tarixi torpaqlarımız olan Laçına Böyük Qayıdış çərçivəsində daha 18 ailə (65 nəfər) köçürülüb. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib. Sakinlərin 30 ildən sonra öz tarixi torpaqlarına qayıtması quruculuq işlərinin əsas stimuludur. Prezident İlham Əliyevin müharibədən əvvəlki dövrdə məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşmasının və onlara hər görüşdə tarixi torpaqlara qayıdışla bağlı vəd sözü verməsinin məntiqi yekunu bu gün tarixi torpaqların əsl sakinlərini müasir görünüşdə qarşılamasıdır. Bu gün işğaldan azad olunan ərazilərdə görülən nəhəng quruculuq işləri sürətlə davam edir.

İkinci Qarabağ müharibəsini yekunlaşdıran üçtərəfli Bəyanat əsasında avqustun 26-da Azərbaycana qaytarılan Laçın şəhəri həmin vaxtdan bəri böyük quruculuq və restavrasiya işlərinin mərkəzinə çevrilib. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi də təyin edilib. Laçın rayonunun Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Bundan başqa, digər kəndlərdə, Zabux və Susda qanunsuz məskunlaşan ermənilərin vandalizm əməllərinin nümunələrinə məruz qalan yaşayış məntəqələrində aparılan yenidənqurma işləri öz məntiqi axarı ilə davam edir.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra öz torpaqlarında rahat yaşaması üçün Azərbaycan dövləti hər cür yenidənqurma və təhlükəsizlik tədbirləri görür. Artıq laçınlılar buraları xarabalıqdan cənnətə çevirməlidirlər. Gedən böyük quruculuq işlərindən əlavə şəhərə mənəvi qayğı da lazımdır. Axı, 30 ilə yaxın dövrdə tamamilə yadlaşan bu ərazilərə öz sahibiləri qayıdıb...

Laçın şəhərinə 2022-ci ilin avqust ayının sonlarında alternativ yol çəkilib. 2025-ci ilin əvvəllərində isə hava limanının istismara verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

 Yenidənqurma prosesinin birinci mərhələsində Laçın şəhərində yeni fərdi evlər inşa edilir və ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur və 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə inşa edilən məscidin də son tamamlanma işləri gedir. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insanın yerləşdirilməsi planlaşdırılır. Güləbird və Qorçu kəndlərinin təsdiqlənmiş Baş planına əsasən, birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev onu da qeyd etmişdir ki, tikilən, yenidən qurulan və əaslı təmir edilən evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Laçına qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı yox, bütün Azərbaycan xalqını sevindirir. Coğrafi baxımdan çox vacib strateji mövqedə yerləşən Laçının yenidən məskunlaşması Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın çox vacib mərhələsidir. Prezidentin şəxsi nəzarəti və bilavasitə yaxından iştirakı ilə həyata keçirilən quruculuq-abadlıq işləri bütün soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli qayıdışını təmin edir.

Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu məhv edilib, evlər talan olunub. 2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə inşa edilib. 2013-cü ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar. İşğaldan azad olunan vaxtdan bu günə qədər kənddə böyük quruculuq işləri görülüb. Baş plana əsasən, bu kəndin "yaşıl enerji" zonasına çevrilməsi nəzərdə tutulub.

Görülən bu quruculuq işləri hayların tarixi dəyişdirmək və öz uydurma yalanlarını bu ərazilərə həkk etdirmək xülyasının üstündən xətt çəkir. 30 il boyunca tolerantlıq nümunəsi göstərən Azərbaycan dəfələrlə bu torpaqları tərk etmək barədə Ermənistan hökumətinə çağırışlar edib. Heç cür ağıllanmayan haylar hakimiyyətin şirin vədlərinə aldanıb onlara məxsus olmayan torpaqlarda kök salmağa davam edirdilər. Amma Azərbaycan ermənilərin bizə 30 il əvvəl etdiklərini etmədi. Saatlar içində öz yurd-yuvalarından zorla çıxarılan azərbaycanlılarından fərqli olaraq Qarabağın erməni sakinləri üçün buranı tərk etməyə kifayət qədər vaxt qoyuldu. Və bizim məcburi köçkünlərdən fərqli olaraq, haylar özləri ilə hər şeylərini götürüb apardılar.

1992-1993-cü illərdə Azərbaycan bütövlükdə ozamankı hakimiyyətin səriştəsizliyindən "uduzmuş xalq" sindromunu yaşayırdı, bu gün isə artıq xalqımız qalibdir və özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağda həyat yenidən çiçəklənir. Artıq Azərbaycanın bir hissəsinin işğal altında olduğunu ürəkağrısı ilə qeyd etmirik. Hər səhər pəncərələr ölkənin bir hissəsinə yox, bütöv Azərbaycana açılır.

Tacir SADIQOV,

"Respublika".