TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub
Türk dünyası

TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

AZƏRTAC xəbər verir ki, Nazirlər Toplantısında iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanları müzakirə olunub. Toplantıda çıxış edən natiqlər türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.

Toplantıda Azərbaycan tərəfinin türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edilib və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə olunub. Azərbaycan tərəfinin TDT ölkələrində rayonlardan birinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi ilə bağlı təklifi də müsbət qarşılanıb. Öncədən müəyyən edilən meyarlar əsasında TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısına qədər Azərbaycanın Quba rayonu kənd təsərrüfatı paytaxtı elan edilib. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.