TƏBİB 5 İL... ÖLKƏ SƏHİYYƏSİNİN YENİ ERASI
Səhiyyə

TƏBİB 5 İL... ÖLKƏ SƏHİYYƏSİNİN YENİ ERASI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il dekabrın 20-də ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) yaradılması haqqında Fərman imzalayıb. Milli səhiyyə sistemində yaradılan bu yenilik ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılandı.

Həmin dövrdə Çindən qorxunc xəbərlər gəlirdi. Uhan şəhərində insanlığı sınağa çəkən yeni bir virus sürətlə ölkənin sərhədlərini aşaraq dünyanı cənginə almışdı. Vəziyyətin ciddiliyini nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında COVID-19 virusunu pandemiya elan etdi. Ağır pandemiyanın döymədiyi qapı qalmadı. Azərbaycan ictimaiyyəti TƏBİB-i daha yaxından məhz pandemiyanın ilk günlərindən tanıdı. Həmin vaxt xalqın ağır durumunda TƏBİB və komandası Azərbaycanın tibb tarixində bir uğur salnaməsinə imza atdılar. Bu bilikli, yenilikçi gənclərdən təşkil olunmuş komandanın fəaliyyəti nəticəsində ölkənin tibb sahəsində yeni səhifə açıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə yaradılan TƏBİB ilk növbədə həkim nüfuzunu, hörmətini özünə qaytardı, inamı və etimadı bərpa etdi. İndi vətəndaşlar bir-birinə İcbari Tibbi Sığorta olunmağı məsləhət görürlər. TƏBİB səhiyyə sistemini yeniləməklə xalqın öz həkiminə olan güvənini, sevgisini qaytarıb. Belə ki, insanlar İran, Gürcüstan klinikalarına axın edir, dövlət xəstəxanalarına inamsızlıq hökm sürürdü, tibb işçiləri səhlənkarlıqda, rüşvətxorluqda ittiham edilirdilər. TƏBİB komandasının bu uğuru, səhiyyə sisteminə böyük inam yaradıb. O baxımdan, 5 illik fəaliyyət dövründə Azərbaycan səhiyyəsində böyük islahatlar həyata keçirildi, neqativ hallar aradan qaldırıldı, eləcə də TƏBİB komandası və onun icraçı direktoru Vüqar Qurbanov bu inqilabi islahata imza atdılar.

Azərbaycan bütün sahələrdə düşməndən üstün olduğunu sübut etdi. Qazandığımız qələbələr hərbi üstünlüyümüzün təsdiqidir. Cəbhədə döyüşən əsgərlərimizə göstərilən tibbi xidmət ən yüksək səviyyədə təmin olundu. TƏBİB-in professionallığı, əməkdaşlarının vətənpərvərliyi göz qabağında idi. Yorulmadan, gecə-gündüz demədən qəhrəman əsgərlərimizə tibbi yardım göstərildi, yaralılara lazımi diqqət yetirildi. Bu, Azərbaycan həkiminin öz əsgərinə göstərdiyi diqqətin nümayişi idi. Müharibənin ilk günlərindən TƏBİB-in əməkdaşları ön xətdə əsgərlərimizlə çiyin-çiyinə döyüşdü. Vəzifə borcunu yerinə yetirərkən şəhid həkimlərimiz də oldu. Azərbaycan əsgəri əmin idi ki, onun sağlamlığı etibarlı əllərdədir. TƏBİB döyüş bölgəsində yerləşən tibb müəssisələrini bütün zəruri vasitələrlə təmin etdi. Heç bir dərman çatışmazlığı olmadı. Cəbhəyanı bölgələrdə yerləşən tibb ocaqları müharibə qanunları əsasında fəaliyyət göstərdi. Həkimlərimiz ən qaynar nöqtələrdə əsgərlərimizə zəruri tibbi yardım edirdilər.

TƏBİB-in bu çətin günlərdə göstərdiyi əzmkarlıq əsgərlərimizə mənəvi ruh verdi. Tezliklə bütün Qarabağda ən müasir tibb ocaqlarının açılacağına inanırdıq. Və nəhayət, Qarabağın öz TƏBİB-inə qovuşduğu günü gördük. Həqiqətən də, tibbi sığorta işləyir və bütün bunlar TƏBİB komandasının uğurlu fəaliyyətinin nəticəsidir. Elə həkimlər də bu sistemdən razı olduqlarını bildirirlər.

Ak. Mirqasımov adına RKX-nın 2-ci cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Sahib Hüseynov deyir: "İcbari Tibbi Sığorta tətbiq edildikdən sonra xəstəxana yeni müasir avadanlıqlarla təmin olunmuş, yeni texnologiyalar tətbiq edilmişdir. Bu da mədəaltı vəzi, qida borusu kimi çətin əməilyyatların həyata keçirilməsini xeyli asanlaşdırmışdı. Sevinirik ki, bu gün TƏBİB xəstəxanamızın bütün təminatını operativ şəkildə ödəyir...".

Həkimlərin nüfuzuna xələl gətirən neqativ hallar tam aradan qalxıb. Aparılan düzgün işlərin, qurulan şəffaf mühitin və peşəkarlığın sayəsində Azərbaycan səhiyyəsi indi haqqında xoş sözlər deyiləcək bir ünvana çevrilib. Bu gün insanlar xəstəxanalara müraciət etməkdən çəkinmirlər. Hər hansı bir cərrahi əməliyyatlara böyük xərc ödəmək məcburiyyətində deyillər. Bunu hər kəs ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sisteminə verdiyi dəstək kimi qəbul etməlidir.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və komandası onlara bəslənən ümidləri real işlərlə doğrultdular. İlk addımları qlobal pandemiya dövrünə təsadüf edən TƏBİB üzərinə düşən məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyi bacardı. Bu, uzun illər səhiyyə sistemində kök salmış bir çox stereotipləri darmadağın etməklə müşayiət olunur. Əlbəttə, bir sıra ciddi narahatlıqlar da var idi. Misal üçün sual edilirdi ki, TƏBİB özünü təsdiqləyə biləcəkmi? Eyni zamanda, suallar meydana çıxırdı ki, İcbari Tibbi Sığortaya inam yaratmaq mümkün olacaqmı? TƏBİB bu çətin və məsuliyyətli işin öhdəsindən məharətlə gəldi. Bu gün TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini İcbari Tibbi Sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblər səviyyəsində olmasına nəzarət edir. Ümumiyyətlə, İcbari Tibbi Sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət kəsb etdiyindən, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyır.

TƏBİB, eyni zamanda şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərir, onlara həssaslıqla yanaşır. Ümumiyyətlə, İcbari Tibbi Sığorta sistemində daha bir üstün cəhət az və çox əməkhaqqı almasından, işləyib-işləməməsindən asılı olmayaraq, tibbi sığorta xərclərinin hamı üçün eyni olmasıdır. Uşaqlar, qocalar, keçmiş məcburi köçkün ailələri, əlillər və sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhali qrupları, ailə başçısını itirən ailələr, tələbələr üçün İcbari Tibbi Sığorta xərcləri bütövlükdə dövlət tərəfindən qarşılanır. İşləyən insanlar üçün isə əməkhaqqının cüzi bir faizi məbləğində çıxılmaqla İcbari Tibbi Sığortadan istifadə olunur.

Milli Məclisin deputatı Kəmaləddin Qafarov qeyd etmişdir ki, bu gün ölkədə icbari tibbi sığorta tətbiq olunduğundan insanlar sığortadan istifadə etməklə xəstəxanada müalicə alırlar. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva da o fikirdədir ki, İcbari Tibbi Sığorta Azərbaycanda fəaliyyətə başlayandan bəri insanların böyük əksəriyyəti bu xidmətdən bəhrələnir və çox da məmnundurlar. İcbari Tibbi Sığorta günbəgün, ilbəil təkmilləşdirilir. Bu gün bu istiqamətdə işlər davam etdirilir. Əvvəllər heç bir tibbi sığorta vasitəsilə həyata keçirilməyən ağır, bahalı əməliyyatlar artıq İcbari Tibbi Sığorta paketinə daxil edilib. Paketə daxil olan xəstəliklərin, əməliyyatların sayı getdikcə genişlənir, siyahı böyüyür. Hər dəfə Milli Məclisin Səhiyyə Komitəsində bir sıra əlavə xidmətlərin İcbari Tibbi Sığortaya daxil edilməsi istiqamətində müzakirələr aparılır, təkliflər verilir.

Həmçinin bir müddət əvvəl Milli Məclisin deputatlarından Azay Quliyev, Rəşad Mahmudov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Ülvi Quliyev və başqaları İcbari Tibbi Sığortanın tətbiqinin əhəmiyyəti, TƏBİB-in yüksək xidmətləri barədə müsbət fikir bildirmişlər. Bundan başqa, ölkənin ziyalıları, aydınları, fikir və elm adamları da tibbi sığortanın imkanlarından məmnundurlar.

Yeri gəlmişkən, bu ilin iyununda açıqlanan rəsmi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən İcbari Tibbi Sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu Agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb. Onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onların 53%-ni kişilər, 47%-ni isə qadınlar təşkil edib. İştirakçıların 49%-i 25-34 yaş aralığındadır. Respondentlərə İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual verilib. 72% sorğu iştirakçısı İcbari Tibbi Sığortadan yararlandığını bildirib. Həmin şəxslərin 56%-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında müalicə aldıqlarını bildiriblər. Sözügedən tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində tibbi xidmət alan respondentlər isə 44% təşkil edib. İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edənlərin məmnunluq səviyyəsi 70% təşkil edib. Onlayn sorğu zamanı əhalinin İcbari Tibbi Sığortadan məmnunluğu ilə yanaşı, məlumatlılıq səviyyəsi də öyrənilib. Agentlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə kampaniyası vətəndaşların məlumatlılıq səviyyəsinin artmasına səbəb olub. 96% respondent İcbari Tibbi Sığorta haqqında məlumatlı olduğunu bildirib.

Beləliklə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan İcbari Tibbi Sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə əhalinin tibbi xidmətlərə əlçatanlığı daha da artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu sahədə daha böyük yenilik tətbiq olunub. Belə ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci il yanvarın 1-dək İcbari Tibbi Sığorta haqqı ödəməkdən azaddırlar. Onlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan təxminən 3315 sayda tibbi xidmətdən dövlət vəsaiti hesabına istifadə edə bilərlər.

Bu da sevindirici haldır ki, xaricdə təhsil almış həkimlərimiz müasir tibbi biliklərə yiyələnib təhsil aldıqları ölkələrdə yaşamağa qərar vermirlər, vətənə, millətə faydalı olmaq üçün Azərbaycana qayıdır, dövlət xəstəxanalarında xidmət göstərir, milli səhiyyəmizə dəstək verməyə çalışırlar.

Artıq xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılıb. Onu da demək lazımdır ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı böyük işlər görülüb. Xəstəxanalarda bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır. Vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər. 50-yə yaxın tibb müəssisəsinin laboratoriyası elektronlaşdırılıb. Görülən işlərə rəğmən, ümumi sistemdə fraqmentasiyalar mövcuddur. Elektron səhiyyə ilə bağlı ölkədə ümumi platformanın yaradılması müzakirə olunur.

Bundan başqa, tibbi cəmiyyətlərlə qarşılıqlı əməkdaşlıq Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verir və gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə zəmin yaradır. Misal üçün TƏBİB-lə Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Azərbaycan Əczaçılar Assosiasiyası, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti, Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan-Amerika Əczaçılar Assosiasiyası, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyi, Azərbaycanlı Həkimlər Dərnəyi, Kanadanın "Delta health" qrupu, Avropa Asiya Ginekologiya və Mamalıq Cəmiyyəti, İngiltərədəki Azərbaycan Alzheymer Assosiasiyası arasında müqavilələr imzalanıb. Həmçinin Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biri olub. Şübhəsiz ki, bu prosesdə ÜST ilə əməkdaşlığın da özünəməxsus rolu var. TƏBİB və ÜST-ün Bakı ofisi arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu nəticəsində bir sıra mühüm layihələr həyata keçirilib.

Onu da deyək ki, son dövrlərdə ambulans parkı yenilənib, müasir avadanlıqlar qurulub. Azərbaycanda son illərdə müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir. Bütün bunlar vətəndaşların sağlamlığı naminə səhiyyədə aparılan islahatların uğurlu nəticələridir. Artıq əhalinin böyük bir hissəsi bir sıra xəstəliklərin müalicəsi və əməliyyatı üçün xarici ölkələrə üz tutmur. Ölkənin səhiyyə müəssisələrində əlavə xərclərdən azad şəkildə tibbi sığortadan yararlanır və sağlamlıqlarına qovuşurlar.

Nicat MAHMUDOV.